Əsas səhifə / Xəbərlər

Qazaxıstana səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2004-cü il martın 1-2-də Qazaxıstanda səfərdə olublar.

Martın 1-də Astana hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Qazaxıstanın dövlət və hökumət rəsmiləri qarşıladılar.

Rəsmi qarşılanma mərasimi

Martın 1-də Qazaxıstan Prezidentinin iqamətgahında Prezident İlham Əliyevin rəsmi qarşılanması mərasimi olub.

Sarayın qarşısında Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və qızı Dariqa Nazarbayeva qarşıladılar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Lev Qumilyov adına Avrasiya Milli Universitetində olublar

Martın 1-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Astanadakı Lev Qumilyov adına Avrasiya Milli Universitetinə gəldi.

Dövlətimizin başçısı universitetdəki türkdilli ölkələrin mədəniyyət və əlyazmalar muzeyi ilə yaxından tanış oldu. Məlumat verildi ki, muzeydə qədim tarixə malik türkdilli xalqların mədəniyyət nümunələri, o cümlədən əlyazmalar toplanmışdır.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevlə bu ali təhsil ocağının müəllim və tələbələri ilə görüşü keçirildi. Rektor Şarsenqali Abdımanapov Prezident İlham Əliyevə universitetin fəxri doktoru adının verilməsi barədə Elmi şuranın qərarını oxudu, fəxri doktor diplomunu və mantiyanı dövlətimizin başçısına təqdim etdi.

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərək, ona göstərilən yüksək etimada görə təhsil ocağının rəhbərliyinə və Elmi şuranın üzvlərinə təşəkkür etdi.

Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi qəbul

Martın 1-də “Səltənət” sarayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin adından Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi qəbul təşkil edilib.

Prezidentlər qəbulda nitq söylədilər.

Qazaxıstan Milli Musiqi Akademiyası ilə tanışlıq

Martın 2-də Mehriban Əliyeva Astananın bir sıra sosial-mədəni obyektlərində olub.

Qazaxıstan Milli Musiqi Akademiyasına gələn Mehriban Əliyevanı Birjan-salın, Çaykovskinin, Motsartın əsərlərindən ibarət klassik musiqi ilə qarşıladılar.

“Miras” beynəlxalq məktəbi ilə tanışlıq

Martın 2-də Mehriban Əliyeva Nursultan Nazarbayevin Təhsil Fondunun filialı olan “Miras” beynəlxalq məktəbində olub. Burada kompyuter texnikası ilə təchiz edilmiş kitabxanaya, ibtidai siniflərə baxan Mehriban Əliyeva “Miras”da tərbiyə alan məktəbəqədər yaşlı uşaqlara baş çəkdi.

Milli Elmi Tibb Mərkəzi ilə tanışlıq

Martın 2-də Mehriban Əliyeva Milli Elmi Tibb Mərkəzində olub. Birinci xanım burada müasir diaqnostika aparatları, texnikanın son nailiyyəti olan avadanlıqla təchiz edilmiş cərrahiyyə blokları ilə tanış oldu.

Qazaxıstan Prezidentinin qızı Dariqa Nazarbayevanın adından Mehriban Əliyevanın şərəfinə nahar

Martın 2-də Qazaxıstan Prezidentinin qızı Dariqa Nazarbayeva Mehriban Əliyevanın şərəfinə nahar verib.

1-2 mart 2004-cü il