Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağcabədi rayonunun taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış qəsəbəsinin açılışında iştirak ediblər
24.12.2011Dekabrın 24-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış qəsəbəsinin açılışında iştirak etmişlər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin qəsəbənin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
Dövlətimizin başçısına və xanımına yeni qəsəbənin tikintisi üzrə əsas texniki-iqtisadi göstəricilər barədə məlumat verildi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məcburi köçkün Cənnət Əliyevin evində yaradılan şəraitlə tanış oldular.
Azərbaycan Prezidenti çay süfrəsi arxasında ev sahibi ilə söhbət etdi.
Sonda xatirə şəkli çəkdirildi.
Sonra Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva laçınlı məcburi köçkünlərin istehsal etdikləri məhsullara baxdılar, sacda yuxa çörəyinin bişirilməsi və nehrə yağının hazırlanması prosesini izlədilər. Azərbaycan Prezidentinə və xanımına arıçılıq ləvazimatları və arı məhsulları nümunələri, o cümlədən təbii yolla alınan səbət arısı barədə məlumat verildi.
Dövlətimizin başçısı qəsəbənin sakinləri ilə görüşdü.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra dövlətimizin başçısı və xanımı 360 yerlik məktəb binasında yaradılan şəraitlə tanış oldular. Bildirildi ki, məktəbin həyətində abadlıq və yaşıllaşdırma işləri aparılmış, futbol meydançası inşa olunmuşdur. İdman zalında basketbol, güləş və voleybol kimi idman növlərinə aid avadanlıq quraşdırılmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva zalda idmançıların nümunəvi çıxışlarını izlədilər.
İdmançılar dövlətimizin başçısı və xanımı ilə xatirə şəkli çəkdirdilər.
Kompyuter otağı, laboratoriyalar ən müasir tədris avadanlığı ilə təchiz edilmişdir.
Prezident İlham Əliyev Laçından olan məşhur şəxsiyyətlər haqqında məlumatların əks olunduğu stendə də baxdı. Qeyd olundu ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Sultanov Laçında doğulub boya-başa çatmışdır.
Məktəbdə sinif otaqları ilə yanaşı, fizika və biologiya kabinetləri yerləşir. Kitabxananın zəngin fondu vardır. Məktəbdə ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin təhsilimizə olan diqqət və qayğısını əks etdirən foto-guşələr yaradılmışdır. Burada Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs edən guşə də vardır.
Bildirildi ki, qəsəbənin ərazisində inşa olunan 50 çarpayılıq uşaq bağçası isə balacaların daha çox sevincinə səbəb olacaqdır. Geniş və işıqlı otaqlar, müxtəlif oyun zalları, məktəbəqədər hazırlıq guşəsi balacaların ixtiyarına veriləcəkdir.
Sakinlərin ərazi idarəetmə təşkilatlarına və digər sosial obyektlərə müraciətini asanlaşdırmaq üçün qəsəbənin mərkəzində ayrıca inzibati bina da inşa olunmuşdur. Qəsəbə ərazisində zəruri avadanlıqla təchiz olunan ambulatoriya inşa edilmişdir. Ərazidə müxtəlif yığıncaq və tədbirlərin keçirilməsi üçün klub-icma mərkəzi də yaradılmışdır.
Dövlətimizin başçısı yeni qəsəbədə yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.










