Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Boks Federasiyasının inzibati binasının açılışında iştirak ediblər

İyunun 5-də Bakıda Azərbaycan Boks Federasiyasının yeni inzibati binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Müasir memarlıq üslubunda və son texnologiyalar əsasında inşa olunmuş bina 25 min kvadratmetr sahəni əhatə edir. Binada boks mərkəzi də fəaliyyət göstərəcək. Beynəlxalq federasiyaların tələblərinə tam cavab verən bu kompleksdə məşq və yarışlar üçün hər cür şəraiti olan idman zalları da var.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Federasiyanın muzeyi ilə tanış olublar, kompleksdə yarışların keçiriləcəyi əsas boks zalına baxıblar.

Daha sonra dövlət başçısı və xanımı Federasiya rəsmiləri, birinci Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək boksçularla görüşüb, məşq zalında yeniyetmə və gənc boksçuların məşqini izləyiblər.

Sonda xatirə şəkli çəkdirilib.