Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Tofiq Bəhramov adına Respublika Stadionunda yaradılmış şəraitlə tanış olublar

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunları çərçivəsində kamandan oxatma yarışlarının keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda yaradılmış şəraitlə tanış olublar.

Dövlət başçısı və xanımı stadionun sxemi ilə tanış olublar. Burada idmançılar, media işçiləri və avropalı qonaqlar üçün ayrıca istirahət otaqları, müsahibələr üçün xüsusi zona ayrılıb. Məşq meydanında idmançılar üçün 22 hədəf təyin olunub. Bir hədəf maksimum üç idmançı üçün nəzərdə tutulub. Yarış meydanı üçün isə iki hədəf təyin edilib. Yarışlara gələn tamaşaçılar üçün burada xüsusi tibb məntəqəsi də fəaliyyət göstərəcək.