Mehriban Əliyeva Xocalı soyqırımı haqqında “Sonu olmayan dəhliz” adlı sənədli filmin siqnal variantının təqdimat mərasimində iştirak edib

Martın 11-də Heydər Əliyev Fondunun dəstəyi ilə “Nizami” Kino Mərkəzində “Qafqazda sülh” beynəlxalq layihəsi çərçivəsində Avropa kinematoqrafçılarının birgə istehsalı olan “Sonu olmayan dəhliz” adlı sənədli filmin siqnal variantının təqdimatı olmuşdur.

Təqdimat “Xocalıya ədalət” Beynəlxalq məlumat kompaniyası çərçivəsində keçirilmiş və Xocalı faciəsinin 20 illiyinə həsr olunmuşdur.

Təqdimat mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.

Böyük Britaniya, Litva, Estoniya və Finlandiya kinematoqrafçılarından ibarət yaradıcı qrupun çəkdiyi film 1992-ci ilin 26 fevral gecəsində baş vermiş insan faciəsindən bəhs edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva tədbirdə çıxış edərək filmin yaradıcı qrupunun işini yüksək qiymətləndirmişdir.

“Xocalıya ədalət” Beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyeva bildirmişdir ki, bu film Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaqdır. Xocalı soyqırımı nəinki Azərbaycan xalqının, eləcə də bu faciə haqqında heç olmasa bir dəfə məlumat almış və onun nəticələrini görmüş hər bir vicdanlı insanın ağrısıdır.

Leyla xanım Əliyeva demişdir: “Xocalı faciəsi Azərbaycan xalqının və hər birimizin silinməz ağrısıdır. Bu hadisə 20 il bundan əvvəl baş verib, lakin öldürülmüş günahsız insanların xatirəsi daim ürəyimizdə yaşayacaqdır. Göstəriləcək film xarici jurnalistlər tərəfindən hazırlanmışdır. Bu film 1992-ci il fevralın 26-da Xocalıda törədilən faciədən bəhs edir. Fikrimcə, bu film həmin dəhşətli hadisələri dəqiqliyi ilə və faktlarla əks etdirir. Bildiyiniz kimi, bu il Azərbaycan xalqı Xocalı faciəsinin 20 illiyini qeyd edir və biz bununla əlaqədar dünyanın bir çox yerlərində müxtəlif tədbirlər keçirmişik. Bu dəhşətli faciədə günahsız yerə öldürülən və işgəncəyə məruz qalan qocaların, qadınların və körpələrin xatirəsi daim ürəyimizdə yaşayacaqdır. Biz inanırıq ki, bu dəhşətli faciə tezliklə beynəlxalq qiymətini alacaq, hadisənin günahkarları isə cəzalandırılacaqlar”.

Daha sonra Leyla xanım Əliyeva qeyd etmişdir ki, 2012-ci ildə İslam Konfransı Gənclər Forumunun xətti ilə Xocalı faciəsinin siyasi və hüquqi aspektlərdən tanınması, o cümlədən ədalətin tam bərqərar olması istiqamətində fəaliyyət davam etdiriləcəkdir.

Tədbirdə filmin əsasını təşkil edən müstəqil tədqiqatın müəllifi, litvalı jurnalist Riçardas Lopaytis çıxış edərək demişdir: “Ağdamda könüllü kimi yardım etdiyim vaxtlar və daha sonra münaqişə bölgəsinə etdiyim səfərlər zamanı şahidi olduğum hadisələri öz gündəliyimdə yazırdım. Keçən illər ərzində mən yazılarıma dəfələrlə qayıdıb: “Kim? Niyə? Nə üçün?” suallarına cavab tapmağa çalışırdım. Biləndə ki, mənim həmyerlilərim, kinematoqrafçılar bu suallarla və bir növ şahid kimi mənim qeydlərimlə maraqlanırlar, filmdə iştirak etmək qərarına gəldim”.

Jurnalist daha sonra qeyd etmişdir ki, filmdə Ermənistan və Azərbaycanda münaqişəyə dair rəsmi dairələrin mövqeyi əksini tapmamışdır. Ona görə də hər iki ölkədə yaradıcı heyətin mövqeyi ilə razılşmayanlar da ola bilər. Mənim üçün əsas olan bütün dünyanın Xocalı haqqında bilməsidir. Məhz bu, ədalətin bərpa olunmasının əsas şərtidir.

Leyla xanım Əliyevanın və “Xocalıya ədalət” kampaniyasının fəaliyyətini yüksək qiymətləndirən litvalı jurnalist, həmçinin qeyd etmişdir ki, kampaniyanın peşəkarcasına aparılması və obyektivliyi, cəkiliş qrupuna siqnal nümayişinin məhz kampaniya çərçivəsində keçirilməsi haqqında qərar qəbul edilməsinə təsir göstərmişdir. “Mən çox istərdim ki, bu film Ermənistanda da göstərilsin. Bu, dialoqun başlanmasına, heç olmasa, hümanitar xarakter daşıyan bu məsələdə ortaq məxrəcin tapılmasına kömək edərdi,”- deyə R.Lopaytis əlavə etmişdir.

Dövlət və hökümət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə film nümayiş olunmuşdur.

Böyük məharət və zəhmət hesabına ekranlaşdırılan filmdə Xocalı dəhşətləri bir daha tarixi faktlarla öz əksini tapmışdır. Faciə zamanı əsir düşmüş xocalılı musiqi müəllimi, rusiyalı hərbi fotomüxbir, ailəsinin əksər üzvlərini Xocalı qırğınında itirmiş və əsir düşmüş qadın, 1992-ci ilin fevralında öz taleyində dönüş yaratmış litvalı jurnalist Riçardas Lopaytisin faciədən 20 il sonra başladığı müstəqil jurnalist araşdırmasının iştirakçıları olmişlar. Filmdə müxtəlif insan taleləri ilə bərəbər, SSRİ-nin süqutu dövrünə və Qarabağ münaqişəsinə dair şahidlərin xatirələri də öz əksini tapmışdır.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan Silahlı qüvvələri keçmiş sövet imperiyasının 366-cı motoatıcı alayının şəxsi heyətinin və ağır texnikasının köməyi ilə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın nəticəsində 613 nəfər qətlə yetirilmiş, 1000-dən cox adam yaralanmış, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmiş, 150 insan isə itkin düşmüşdür.

“Xocalıya ədalət” Beynəlxalq məlumat kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə irəli sürülmüşdür. Hazırda faciənin mənəvi və siyasi-hüquqi cəhətdən tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyta keçirilir.

Bu ilin yanvarında İKGF-nin təşəbbüsü ilə 51 ölkəni özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Xocalı faciəsini soyqırımı aktı kimi tanımışdır. Oxşar qərarlar Meksika və Pakistan parlamentlərində də qəbul edilmişdir.

Tədbirin iştirakçılarına Leyla Əliyevanın ideya müəllifi olduğu, ingilis və rus dillərində hazırlanmış “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabları təqdim edilmişdir.