Mehriban Əliyeva Milli Məclisin Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak edib
07.05.2013Mayın 7-də Milli Məclisin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş xüsusi iclası keçirilib.
Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva iclasda iştirak edib.
İclasda Mehriban Əliyevanın təşəbbüsünə əsasən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Milli Məclisin gündəliyinə daxil edilmiş Amnistiya aktı müzakirəyə çıxarılıb.
Mehriban Əliyeva iclasda çıxış etdi.
Sonra Amnistiya aktı yekdilliklə qəbul edildi.
Sənəddə Amnistiya aktının təxminən 9 min şəxsə şamil ediləcəyi bildirilir. Onlarda 2 mindən çoxunun azadlıqdan məhrumetmə yerlərindən azad olunacağı gözlənilir.
Layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ikinci qrup əlillər, 60 yaşına çatan kişilər, öhdəsində yetkinlik yaşına çatmayan yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.