Qırğızıstana səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib.

“Manas” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.

6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər.

Dünya Köçəri Oyunlarının əsas məqsədlərindən biri əsrlər boyu müxtəlif xalqları birləşdirən dostluq, birlik və qarşılıqlı hörmət kimi dəyərləri təbliğ etməkdir.

Dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanışlıq

Sentyabrın 1-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva və Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub.

Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanı və digər birinci xanımları qarşılayıb.

“Ala-Arça” Dövlət iqamətgahında təşkil edilən mədəni proqram çərçivəsində birinci xanımlar Qırğızıstanın xalq dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Qonaqlar üçün konsert proqramı hazırlanıb.

31 avqust-1 sentyabr 2026-cı il