Qırğızıstana səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib.

Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılayıblar.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti

İyulun 31-də Çolpon-Ata şəhərində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun və birinci xanım Ayqul Japarovanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib.

“Baku Resort & Spa” mehmanxanasının açılışı

İyulun 31-də Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tədbirdə iştirak ediblər.

“Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanışlıq

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva iyulun 31-də Çolpon-Ata şəhərində Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova və Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə birlikdə “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub.

“Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi 2022-ci ilin mayından fəaliyyət göstərir. Müəssisənin əsas məqsədi uşaqlara yüksəkkeyfiyyətli tibbi-reabilitasiya xidməti göstərmək və onların istirahətini təmin etməkdir.

30-31 iyul 2026-cı il