Gürcüstana səfər
06.04.2026Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfəri edib.
Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.
Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.
Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər.
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanışlıq
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.
Azərbaycanın birinci xanımına muzey haqqında məlumat verilib.
Sonra Azərbaycanın birinci xanımı muzeyin xatirə kitabına ürək sözlərini yazıb. Uşaqlar tərəfindən toxunmuş kiçik xalçalar Mehriban Əliyevaya hədiyyə olunub.
Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub
Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Gürcüstan Milli Muzeyində olub.
Gürcüstan Milli Muzeyində bu ölkənin tarixinin müxtəlif dövrlərinə aid eksponatlar sərgilənir.
Ekspozisiyalarla tanışlıqdan sonra Mehriban Əliyevanın adından Gürcüstan Milli Muzeyinə “Azərxalça”nın istehsalı olan beş nadir xalçadan ibarət “Mədəni irsə yeni baxış” adlı kolleksiya hədiyyə edilib.
Muzeyin rəhbərliyi hədiyyələrə görə Mehriban Əliyevaya minnətdarlıq bildirib.
Mehriban Əliyevanın şərəfinə lanç
Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın şərəfinə Gürcüstanın birinci xanımı Tamar Baqrationinin adından lanç verilib.
6 aprel 2026-cı il


































