Birinci vitse-prezident Mehriban Əliyeva TASS agentliyinə, “Rossiya 24” telekanalına və “Rossiyskaya qazeta”ya müsahibə verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-24-də Rusiyada rəsmi səfərdə olub. O, Prezident Vladimir Putin ilə görüşüb. Vladimir Putin onu iki ölkənin münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib. Bundan əlavə, Mehriban Əliyeva Rusiya Hökumətinin başçısı Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüşüb. Mehriban Əliyeva səfər müddətində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bərpa olunmuş “Azərbaycan” pavilyonunun açılışında iştirak edib.

Birinci vitse-prezident TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmana TASS, “Rossiyskaya qazeta” və “Rossiya-24” telekanalı üçün müsahibəsində səfərinin yekunları barədə danışıb.

XXX

-Hər vaxtınız xeyir, Mehriban xanım. Sizinlə görüşmək imkanına görə çox sağ olun. Sizin Moskvaya, Rusiyanın paytaxtına rəsmi səfəriniz başa çatır. Səfərinizin proqramı son dərəcə zəngin olub, çoxlu görüşlər, o cümlədən Rusiyanın rəhbərliyi ilə görüşlər keçirmisiniz. Səfərin yekunlarını necə qiymətləndirirsiniz? Bu günlər ərzində Moskvada Sizin üçün ən çox yadda qalan nə olub?

-Hər vaxtınız xeyir, hörmətli Mixail Solomonoviç. Sizi görməyimə çox şadam. Yenidən Moskvada olmağıma çox şadam. Mən, ilk növbədə, Rusiya Federasiyasına rəsmi səfərə dəvətə, səmimi qəbula, maraqlı görüşlərə və danışıqlara görə Rusiya Federasiyasının rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə, Hökumətin başçısı Dmitri Anatolyeviç Medvedevə, Federasiya Şurasının sədri Valentina İvanovna Matviyenkoya dərin minnətdarlığımı bildirmək istəyirəm.

Ölkələrimizi möhkəm dostluq və mehriban qonşuluq ənənələri bağlayır. Bu gün biz Azərbaycan-Rusiya münasibətlərini strateji tərəfdaşlıq kimi səciyyələndiririk. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında münasibətlər öz tarixi ərzində ən yüksək səviyyədədir.

Fəal siyasi dialoq mövcuddur, Azərbaycan və Rusiya prezidentləri arasında mütəmadi görüşlər bizim münasibətlərin çoxvektorluluğunu təyin edir və demək olar ki, bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafına təkan verir.

Qeyd etdiyim kimi, Azərbaycan ilə Rusiyanı qədim və möhkəm dostluq və mehriban qonşuluq ənənələri bağlayır, ölkələrimiz dinamik inkişaf edir. Bu, dövlətlərarası əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır. Siz qeyd etdiyiniz kimi, mənim səfərim dolğun, maraqlı oldu. Əlbəttə, ilk növbədə, Rusiya Federasiyasının Prezidenti, hörmətli Vladimir Vladimiroviç Putin ilə görüşümü qeyd etmək istəyirəm. Bu, bizim ikitərəfli münasibətlərin bir çox aspektlərini müzakirə etmək üçün gözəl fürsət idi. Bu görüş zamanı Rusiya Federasiyasının Prezidenti mənə “Dostluq” ordenini təqdim etdi. Bu mükafatı almaq mənim üçün böyük şərəfdir, mən onu Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsinin daha bir təsdiqi kimi qiymətləndirirəm. Əlbəttə, şadam ki, bizim strateji tərəfdaşlığımızın inkişafı işində mənim də müəyyən töhfəm var.

-Mehriban xanım, Siz tamamilə haqlı olaraq dediniz ki, Rusiya ilə Azərbaycanın münasibətləri həqiqətən heç vaxt indiki qədər sıx olmayıb və bu münasibətlərin kökləri doğrudan da uzaq keçmişə gedib çıxır. Lakin digər tərəfdən, bugünkü münasibətlərə görə biz, əlbəttə, ilk növbədə, - bunu Siz də qeyd etdiniz, – ölkələrimizin liderlərinin, Prezident Vladimir Vladimiroviç Putinin və Prezident İlham Heydər oğlu Əliyevin sıx qarşılıqlı əlaqələrinə borcluyuq. Onlar bu əlaqələri daha da möhkəmləndirirlər. Bununla belə, - Siz çoxvektorluluq barədə danışdınız, – Sizin fikrinizcə, bizim əməkdaşlığımız hansı sahələrdə daha perspektivlidir? Hansı sahələrdə bu əməkdaşlıq daha real bəhrələr verir və harada, ola bilsin, Sizin fikrinizcə, hələ reallaşdırılmamış potensial var?

-Qeyd etdiyim kimi, Rusiya-Azərbaycan münasibətləri çox geniş spektri əhatə edir. Buraya iqtisadi blok, humanitar sahədə qarşılıqlı fəaliyyət daxildir. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir. İqtisadi sahəyə, bu sahədə qarşılıqlı əlaqələrə nəzər salsaq, burada uğurlu qarşılıqlı fəaliyyət artıq öz bəhrələrini verir. Rusiya Azərbaycanın ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalına görə birinci yeri tutur. Sevindirici haldır ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin durmadan artması müşahidə olunur. Ötən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 19 faiz artaraq 2,6 milyard dollara bərabər olub. Cari ilin doqquz ayı ərzində bu göstəricinin artıq 26 faizə çatması müşahidə olunur, qarşılıqlı sərmayə qoyuluşu göstəriciləri də yaxşıdır. Rusiyanın Azərbaycanda sərmayə qoyuluşunun həcmi 4,9 milyard dollardır. Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya yatırıb. Çox sevindirici haldır ki, son vaxtlar neft sektorunda ənənəvi qarşılıqlı fəaliyyətlə bərabər, qeyri-neft sektorunda, maşınqayırma, istehsal avadanlığı, kimya sənayesi, əczaçılıq, energetika, nəqliyyat kimi sahələrdə çoxsaylı müştərək layihələr inkişaf etdirilir.

Konkret nümunələr kimi “SOCAR Polymer” müəssisəsinin, “Azərikimya” müəssisələrinin modernləşdirilməsi, “KamAZ” yük avtomobillərinin yığılması və istehsalı, “P-Farm” dərman preparatları zavodunun birinci növbəsinin tikintisini göstərə bilərəm.

Tranzit-nəqliyyat sistemi bizim qarşılıqlı fəaliyyətdə çox mühüm və perspektivli istiqamətdir. Burada Qərbi Avropa bazarlarını asiyalı istehlakçılarla birləşdirəcək “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması ən mühüm müştərək layihələrdən biridir. Bu layihənin reallaşdırılması başlayandan bəri ötən il uzunluğu yeddi min kilometrdən çox olan bu marşrut üzrə yükdaşımaların həcmi səkkiz dəfə, cari ilin altı ayı ərzində isə 60 faiz artıb. Gələn il həmin layihə çərçivəsində Bakıdan Rusiya Federasiyası ilə sərhədə qədər yeni dördzolaqlı magistral yol istifadəyə veriləcək. Bu ilin sonuna qədər sərhədyanı Samur çayı üzərindən birgə tikilən körpünün inşası başa çatacaq və o, istifadəyə veriləcək.

-Mehriban xanım, mənim bildiyinə görə, Siz Birinci vitse-prezident kimi humanitar, sosial və mədəni sahələrin inkişafına xüsusi diqqət yetirirsiniz. Bu sahələr Sizin ciddi maraq obyektinizdir. Mənim fikrincə, bu da Rusiya-Azərbaycan əməkdaşlığının çox mühüm amilidir. Bu baxımdan, bizim qarşılıqlı münasibətlərimizin bu sahəsi necə inkişaf edir? Axı bu humanitar sahə bütün insanlara, mənəvi həyata, bizim, bir daha deyirəm, tarixi köklərimizə aiddir. Bu mənada, indi Siz nəyi daha vacib hesab edirsiniz?

-Siz tamamilə düzgün vurğuladınız. Humanitar sfera, humanitar sahə dövlətlərarası münasibətlərdə belə adlandırıldığı kimi şəxsiyyətlərarası ünsiyyətdir. Bunu qeyd etməyə çox şadam ki, humanitar sahədə Azərbaycan-Rusiya münasibətləri nümunəvi xarakter daşıyır. Bizim paytaxtımızda Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Humanitar Forum mütəmadi keçirilir. Azərbaycanda rus mədəniyyətinə və rus dilinə qayğıkeş və hörmətli münasibət hamıya məlumdur. Bizim ölkəmizdə 300-dən çox məktəbdə tədris rus dilində aparılır, hər il rus dili olimpiadası keçirilir, 14 dövlət ali məktəbində rus dili kafedraları və rus bölməsi fəaliyyət göstərir. Keçən il 130 mindən çox orta məktəb şagirdi və 25 mindən artıq ali məktəb tələbəsi rus dilində təhsil alıb.

Ali məktəblər arasında əməkdaşlıq da yüksək səviyyədədir. Azərbaycanda, bizim paytaxtda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birlikdə icrasına başlanıb.

Azərbaycanda çoxminli rusdilli icma var, bu icma ölkəmizin ümumi inkişafına layiqli töhfə verir, çoxsaylı sərgilər keçirilir. Bu il Azərbaycanda Rusiya Mədəniyyəti Günləri keçirilib. Gələn il qarşılıqlı tədbir – Rusiyada Azərbaycan Mədəniyyəti Günləri keçirilməsi planlaşdırılır. Dediyim kimi, bu sahədə bizim münasibətlərimiz nümunəvidir. Bu, çox vacibdir, çünki bu sahə həqiqətən insanları, xalqları yaxınlaşdırır. Biz də bu ortaq humanitar məkanı qoruyub saxlamaqda maraqlıyıq.

-Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyev dəfələrlə deyib, – biz bunu müxtəlif tribunlardan kifayət qədər tez-tez eşidirik, – təəssüf ki, bir sıra Avropa ölkələrində özünü doğrulda bilməmiş multikulturalizm Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir, üstəlik, bu gün Azərbaycanda onu real olaraq müşahidə edirik. Belə adlandırılan çoxkonfessiyalılıq da multikulturalizmlə qarşılıqlı bağlıdır. Lap yaxın vaxtlarda Bakıda Dünya dini liderlərinin ikinci Sammiti keçirildi. Həmin tədbirdə dünyanın ən müxtəlif dinlərinin nümayəndələri iştirak edirdilər. Onlar hamısı Azərbaycanda heyrətamiz çoxkonfessiyalılığı qeyd etdilər. Buna nəyin hesabına nail olursunuz? Bu, yalnız tarixi köklərdən irəli gəlir, yoxsa, bugünkü Azərbaycan iqtidarının məqsədyönlü fəaliyyətinin nəticəsidir? Bu baxımdan, Siz gələcək inkişafı necə görürsünüz?

-Azərbaycan Respublikasının Prezidenti öz çıxışlarının birində qeyd edib ki, “multikulturalizm” sözü bizim leksikonumuzda yetərincə təzə sözdür, lakin bu sözün arxasında dayanan ənənələrin çoxəsrlik tarixi var. Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşuğunda yerləşir və sözsüz ki, bu, onun çoxəsrlik tolerantlıq və multikulturalizm mədəniyyətinə də təsir göstərir. Müxtəlif millətlərə, mədəniyyətlərə və dinlərə mənsub insanlar əsrlərboyu ölkəmizdə sülh, həmrəylik və dostluq şəraitində yaşayıblar və yaşayırlar, bu gün də bu ənənə dövlət siyasəti ilə dəstəklənir. Buna görə Azərbaycan bu gün beynəlxalq aləmdə artıq dinlərarası, millətlərarası, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə yönəlmiş çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi tanınmış məkana çevrilib. Siz bu yaxınlarda bizim paytaxtda Dünya dini liderlərinin ikinci Sammitinin keçirilməsini qeyd etdiniz.

Siz tamamilə düzgün olaraq vurğuladınız ki, müasir dünyada, təəssüf ki, ümumi gərginlik artır. Biz irqçilik, ksenofobiya, islamofobiya, antisemitizm, millətlərarası və dinlərarası qarşıdurmanın qızışdırılmasında dindən istifadə edilməsi kimi təhlükəli meyillərin artmasının şahidləriyik. Bu gün bütün bu məsələlər ümumbəşəri əhəmiyyət kəsb edir və Azərbaycanda bu məsələlərin ən yüksək dövlət səviyyəsində qaldırılması, zənnimcə, təsadüfi deyil, ona görə ki, mənim dediyim kimi, Azərbaycanda qədim ənənələr var. Bununla bərabər, belə beynəlxalq tədbirlərdə səslənən bu cür ismarıcların bütün dünya ictimaiyyətinə çatdırılması vacibdir. Dünya dini liderlərinin ikinci Sammitində Moskvanın və bütün Rusiyanın patriarxı Kirill də iştirak və çıxış etdi. Hesab edirəm ki, onun bütün ismarıcları, müraciətləri bu gün aktualdır, bəlkə də həmişəkindən daha aktualdır, ona görə ki, dünyada bu təhlükəli hadisələrin artması meyili təəssüf doğurur. Mən əminəm ki, bu təhdidləri yalnız ümumi səylərlə, həm dövlət başçıları səviyyəsində, həm də adi vətəndaş cəmiyyəti arasında səylərlə dayandırmaq olar.

-Mənim daha bir sualım var. Sizin Moskvada keçirdiyiniz çox mühüm görüşlər arasında, zənnimcə, bir görüş xüsusi fərqlənib və Rusiya mətbuatında geniş işıqlandırılıb. Mən əvvəllər Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi adlandırılan məkanda yeni “Azərbaycan” pavilyonunun açılışını nəzərdə tuturam. Bu pavilyonun da öz tarixi var və Siz açılışda bu barədə çox yaxşı danışdınız. Lakin mən bir məqama diqqət yetirdim ki, pavilyonun yenilənməsi, faktiki olaraq yenidən yaranması Sizin başçılıq etdiyiniz Heydər Əliyev Fondu ilə bağlıdır. Bu işdə çoxları, o cümlədən Moskvanın hakimiyyət orqanları, Moskva təşkilatları da iştirak ediblər, lakin mən belə başa düşürəm ki, bütün bunlara Sizin başçılıq etdiyiniz Heydər Əliyev Fondu himayədarlıq edib. Bununla əlaqədar mən sərginin ərazisində, digər tərəfdən moskvalılar üçün də tamamilə nadir məkana çevrilmiş pavilyon mövzusuna bir daha qayıtmaq istərdim və xahiş edərdim ki, Siz Fond barədə bir neçə kəlmə deyəsiniz. Çünki o, iri beynəlxalq ictimai humanitar xeyriyyə təşkilatlarından birinə çevrilib. Bu gün o, dünyada çox nüfuzlu humanitar təşkilat imicinə malikdir və bütün bu illər ərzində Fonda Siz başçılıq edirsiniz. Siz bu Fondun gələcək inkişafını, deyək ki, bu pavilyon prizmasından necə görürsünüz?

-Mən, ilk növbədə, Rusiya Federasiyasının rəhbərliyinə, Moskva şəhəri hökumətinə Azərbaycan dövləti üçün Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisində milli “Azərbaycan” pavilyonumuzun bərpasında iştirak etmək imkanı yaratdıqlarına görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Çox şadam ki, bu əlamətdar hadisə mənim rəsmi səfərim çərçivəsində baş verdi. Bizim milli pavilyonun açılışında iştirak etməkdən qürur duyurdum. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi bu gün dünyanın ən iri sərgi mərkəzlərindən biridir. Hər il Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə çoxsaylı qonaqlar gəlir və Moskvanın bu memarlıq-mədəniyyət mərkəzinin tarixi həqiqətən çox maraqlıdır. Bizim “Azərbaycan” pavilyonu 1939-cu ildə inşa edilib, sonrakı illərdə başqa pavilyonlar kimi o da çoxsaylı dəyişikliklərə məruz qalıb. 1966-cı ildə pavilyon bütöv metal qutu ilə örtülüb, onun siması tamamilə dəyişib və o, öz funksional və milli identikliyini, demək olar ki, itirib. Bərpa işləri 2017-ci ildə başlandı. Təbii ki, bu, Azərbaycan dövlətinin qərarı idi və Heydər Əliyev Fondunun rəhbərliyi altında həyata keçirilirdi. Qeyd etməliyəm ki, Fondun komandası bu işə çox böyük qayğı və məsuliyyətlə yanaşıb, çünki pavilyonun ilkin simasını bərpa etmək, onun milli autentikliyini qaytarmaq məqsədi qarşıya qoyulmuşdu. Böyük işçi qrupu yaradıldı, həm Rusiyadan, həm də Azərbaycandan ən yaxşı mütəxəssislər cəlb edildi. Orijinal simanı bərpa etmək üçün hər incəliyə, hətta naxışlara da diqqət yetirilirdi. Əlbəttə, bizim bu gün gördüklərimiz çox sevindiricidir, əminəm ki, bu, hər bir azərbaycanlını sevindirir. Yenilənmiş “Azərbaycan” pavilyonu öz qapılarını paytaxtının qonaqlarının da üzünə açır. Bununla bərabər o, bizim əlaqələrin - ölkələrimiz arasında, xalqlarımız arasında, o cümlədən humanitar sahədə əlaqələrin möhkəmlənməsinə xidmət edəcək daha bir məkandır.

Fonda gəldikdə isə, Heydər Əliyev Fondu 2004-cü ildə yaradılıb. Onun fəaliyyətinin əsas istiqamətləri təhsilin, səhiyyənin, gənclərin, ölkəmizin əhalisinin ən imkansız təbəqələrinin dəstəklənməsi, o cümlədən qaçqınlara və məcburi köçkünlərə kömək kimi mühüm sahələrdir. Zənnimcə, belə desəm yanılmaram ki, Fond 15 illik fəaliyyəti ərzində həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda böyük hörmət qazanıb. Fondun əsas ideologiyası ondan ibarətdir ki, irimiqyaslı layihələri reallaşdırmaqla bərabər, bu illər ərzində ölkəmizdə Fondun xətti ilə həqiqətən çox işlər görülüb, yüzlərlə məktəb və uşaq bağçası tikilib, tarixi abidələr bərpa edilib, çoxsaylı tədbirlər təşkil edilib. Biz həmişə bir məqamı unutmamağa çalışırıq ki, bütün bu işlər ölkəmizdə insanların daha yaxşı yaşamasına yönəlib, biz konkret vətəndaşı görməyə və eşitməyə çalışırıq. Ona görə Fondun hamıya məlum olan, yaxşı işıqlandırılan işindən əlavə, bizim elan etmədiyimiz işlər də var. Yəni, bu gün Azərbaycanda bizim vətəndaşlarımız bilirlər ki, onlar Fonda müraciət etdikdə mümkün olan hər cür kömək edilməsi üçün maksimum səy göstəriləcək. Mən fəxr edirəm ki, Fondda bu cür vətənpərvər, yaxşı təhsil görmüş, artıq müstəqil Azərbaycanda böyümüş gənclər komandası var və bizim uğurlarımız, əlbəttə ki, komanda şəklində işin uğurudur. Buna görə mənim fikrimcə, Heydər Əliyev Fondunun əsas nailiyyəti ondan ibarətdir ki, o, Azərbaycan xalqının bu cür hörmətini və sevgisini qazanıb.

-Hörmətli Mehriban xanım, söhbət üçün Sizə təşəkkür etmək istəyirəm. Artıq Yeni il yaxınlaşır. Onu həm Azərbaycanda, həm də Rusiyada qeyd edəcəklər. Sizinlə sağollaşmağa çox təəssüflənəcəyəm, çünki Yeni ilə qədər bu sözləri eşidə biləcəyimizə əmin deyiləm. Ona görə sağollaşmaqdan əvvəl Sizdən xahiş etmək istərdim, qarşıdan gələn ildə rusiyalılara və öz həmvətənlərimizə arzularınızı bildirəsiniz.

-Mən həm Rusiya xalqına, həm də Azərbaycan xalqına, ilk növbədə, əlbəttə, sülh arzulamaq istəyirəm. Dövlətlərimizin uğurlu inkişafını, onların qarşısında duran planların həyata keçməsini arzulamaq istəyirəm. Tamamilə adi insani istəklərimi - möhkəm cansağlığı, nurlu və xeyirli günlər arzulamaq istəyirəm. İstəyirəm ki, uğurlar kədərlərdən çox olsun. Kədər bizdən yan keçsin. İnsanlar müəyyən çətinliklərin öhdəsindən gəlmək üçün özündə qüvvə tapsınlar. Ona görə ki, həyatda çətinliklər, kədərli günlər də olur, amma istərdim ki, şad, parlaq, işıqlı günlər daha çox olsun.

-İcazə verin, bu arzularınıza görə Sizə təşəkkür edim və öz növbəmdə, Sizə də onları arzu edim. Sizə cansağlığı, uğurlar arzulayır, ən xoş diləklərimi bildirirəm. Çox sağ olun.

-Sağ olun.