İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan məktəb binası istifadəyə verilib
26.08.2018Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binasının açılışında iştirak ediblər.
Məlumat verilib ki, Lahıc qəsəbə tam orta məktəbi üçün bina 1928-ci ildə inşa edilib. Məktəb 130 şagird üçün nəzərdə tutulmasına baxmayaraq, burada 232 şagird təhsil alıb. Dövlətimizin başçısının ötən il imzaladığı Sərəncama əsasən, Lahıcda 400 şagird yerlik yeni ümumtəhsil məktəbinin tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə vəsait ayrılıb. Üçmərtəbəli binada tikinti işləri yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib. Müxtəlif fənn kabinetləri və laboratoriyalarının yaradıldığı məktəbdə bütün sinif otaqları əyani vəsaitlərlə təchiz olunub. Burada idman zalı və 175 yerlik akt zalı da yaradılıb. Videomüşahidə sisteminin quraşdırıldığı məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib.