Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa ilə görüş

Martın 16-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva V Qlobal Bakı Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa ilə görüşüb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanı yenidən ölkəmizdə görməkdən şad olduğunu bildirən Mehriban Əliyeva “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edib, Bakı Forumunun artıq qlobal platformaya çevrildiyini deyib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib, mərkəzin Azərbaycanı dünyada tanıtmaq baxımından rolu vurğulanıb və ölkəmizin bundan sonra da mərkəzin fəaliyyətinin genişləndirilməsinə dəstəyini verməyə hazır olduğu qeyd olunub.

Vayra Vike-Freyberqa həmsədri olduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin daha geniş platformada təbliğində, təşkilatın fəaliyyətinin gücləndirilməsi, üzvlərinin sayının artırılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Qlobal Bakı Forumunun proqramları ildən-ilə daha da genişlənir və bu, Azərbaycanın xaricdə daha yaxşı tanıdılması işinə xidmət edir.

Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbriklərini çatdırıb.