Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə müşavirə

Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.

Birinci vitse-prezident Mehriban Əliyeva müşavirədə çıxış edib:

- Hörmətli müşavirə iştirakçıları.

Sizin hər birinizi salamlayıram. Bugünkü görüşümüz qaçqınların və məcburi köçkünlərin probleminin həllinə həsr olunub.

Doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli artıq 20 ildən çoxdur ki, Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Cənab İlham Əliyevin Prezident kimi imzaladığı ilk sərəncamlarından biri 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı ilə bağlı olmuşdur. 2007-ci və 2011-ci illərdə həmin proqrama əlavələr təsdiqlənmişdir. Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir.

Bildiyiniz kimi, bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınmış, 250 min köçkün yeni mənzillə təmin olunmuşdur. Salınan müasir qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa olunmuşdur.

Soydaşlarımızın işlə təmin olunması istiqamətində də lazımi addımlar atılmışdır. Son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin olunmuşdur. Ölkə ərazisindəki bütün çadır düşərgələri artıq ləğv olunub və orada məskunlaşan məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürülmüşdür. Dövlət Proqramında bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün bütövlükdə 6 milyard manatdan çox vəsait ayrılmışdır. Dünyanın bir sıra aparıcı beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğını çox yüksək qiymətləndirir və bir çox hallarda ölkəmizi bu sahədə nümunəvi ölkə adlandırırlar.

Görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır. Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün vəsait ayrılır. Bu il də bu məqsədlərə vəsait ayrılıb. Lakin bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılmalıdır. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlamalıdır.

Bununla yanaşı, Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır. Qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir. İndi sizin diqqətinizə bu sahədə görülən işlər barədə qısa bir təqdimat çatdırırıq.

XXX

Birinci vitse-prezident Mehriban Əliyeva müşavirəyə yekun vurub:

- Mən bir daha qeyd etmək istərdim, hamımıza aydındır ki, bu məsələni qısa zamanda tam gücümüzlə həll etmək üçün birgə çalışmalıyıq. Bu məsələ dövlətimizin fəaliyyətinin ən prioritet istiqamətlərindən biridir. Baxmayaraq ki, bu günədək bir çox işlər həyata keçirilib, hələ də problemlər çoxdur. Bugünkü çıxışlarda biz bu barədə yenidən eşitdik.

Burada Hacıbala müəllim bağçalarla bağlı bir mövzuya toxundu. Bizim böyük toplantıdan sonra doğrudan da bu sahədə böyük işlər aparıldı, Bakı şəhərində, paytaxtın müxtəlif rayonlarında bir çox yeni uşaq bağçaları inşa olundu. Mən açılışlarda iştirak edirəm, lakin çox müasir, gözəl, rahat bağçalarda bəzi hallarda uşaqların sayı azdır. Yəni, daha çox uşaq qəbul etməyə imkan var, amma maliyyə ilə bağlı olan problemlərə görə bağçalar tam gücü ilə çalışmırlar. Ona görə bu məsələni tezliklə həll etmək üçün Maliyyə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti arasında işçi qrup yaradılmalı və bu məsələ qısa zamanda həllini tapmalıdır. Bununla da biz həm qənaət edəcəyik, yeni bağçalar tikməyə ehtiyac olmayacaq, həm də tələbatın bir qismini ödəyə biləcəyik.

Bu gün bizim qarşımızda duran əsas məqsəd dörd min köçkün ailəsini yeni mənzillə təmin etməkdir. Söhbət Bakı və Sumqayıt şəhərlərində məskunlaşan köçkün ailələrindən gedir. Dediyim kimi, biz işlərimizi iki istiqamətdə qurmalıyıq. Yeni mənzillər, yeni binalar tikilməlidir və inşa olunan yeni binalar keyfiyyət standartlarına tam cavab verməlidir.

Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti ərazilər ayırmalıdır. Bildiyimə görə, Sumqayıtda ərazi var. Lazımi infrastruktur və kommunikasiya xətləri dövlət dəstəyi ilə çəkilməlidir. Əlbəttə, bütün bu işlər əlavə vəsait tələb edir. Bu vəsait tezliklə ayrılmalıdır. Ən qəzalı, ən ağır vəziyyətdə olan binalarda yaşayan köçkün ailələri tezliklə yeni binalara köçürülməlidir. Bununla yanaşı, Bakıda və Sumqayıtda artıq inşa edilmiş və mənzilləri boş olan təzə binalar var. Bu binalarda köçkünlər üçün mənzillər alınmalıdır. Müvafiq dövlət orqanları - Prezident Administrasiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında koordinasiya yaradılmalıdır. Bu, bizim ümumi işimizdir və tezliklə lazımi addımlar atmalıyıq.

Qaçqınların və məcburi köçkünlərin işlə təminatı barədə. Dediyim kimi, son 13 il ərzində 400 minə yaxın məcburi köçkün işlə təmin olunmuşdur. Amma yenə də bu sahədə problemlər var. Ona görə də rayon icra hakimiyyətləri bu barədə düşünsünlər, bəlkə kiçik biznes, ya kiçik müəssisələr barədə təkliflər hazırlasınlar. Bildiyiniz kimi, Prezidentin göstərişi ilə işsizlik problemini aradan qaldırmaq üçün böyük vəsait ayrılıb, iş yerləri yaradılıb. İş yerlərinə daha çox əhalinin bu təbəqəsindən insanları cəlb etmək lazımdır.

Biz hamımız əminik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. Ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, bütün məcburi köçkünlər və qaçqınlar öz doğma yurdlarına qayıdacaqlar. Bu gün onları yerləşdirmək üçün tikilən binalar, salınan qəsəbələr, alınan mənzillər onların müvəqqəti ünvanıdır. Reallıqlar bundan ibarətdir. Bu gün bizim məqsədimiz bu insanları normal yaşayış yeri və işlə təmin etməkdir. Mən bu işdə hər birinizə uğurlar arzulayıram. Çox sağ olun.