Fransaya səfər
2015-ci il noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün Fransaya işgüzar səfər ediblər.
Parisin Orli beynəlxalq aeroportunda dövlətimizin başçısını və xanımını Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu
Noyabrın 17-də UNESCO-nun Nizamnaməsinin qəbulunun 70 illiyi münasibətilə Parisdə təşkilatın Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Forumda iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı Forumda iştirak etmək üçün təşkilatın mənzil-qərargahına gəliblər.
Əvvəlcə Prezident İlham Əliyev UNESCO-nun qonaq kitabına ürək sözlərini yazıb. Sonra Prezident və xanımı UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura ilə görüşüblər.
Prezident İlham Əliyev Forumda çıxış edib.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun mənzil-qərargahında təşkilatın İcra Şurasının zalı və nümayəndə heyətlərinin salonu ilə tanış olublar. Qeyd edilib ki, bu zalın və salonun yüksək səviyyədə təmir olunması Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilib.
Dövlətimizin başçısı və xanımı ölkəmizin UNESCO-ya üzv olmasının 20 illiyi münasibətilə Azərbaycan Respublikası tərəfindən hədiyyə edilən daş at və daş qoç abidələrinə baxıblar.
UNESCO-nun mənzil-qərargahının həyətində qoyulan bu heykəllər burada daimi olaraq sərgilənir. Həmin heykəllər XII-XIII əsrlərə aiddir və Tovuz rayonunun Aşağı Ayıblı kəndindən tapılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva digər ölkələrin UNESCO-ya təqdim etdiyi abidələrə də baxıblar. Qeyd edilib ki, UNESCO-nun mənzil-qərargahının həyətində və binada sərgilənən bu abidələr tarixi, mədəni əhəmiyyət daşıyır.
16-18 noyabr 2015-ci il