Amerika Birləşmiş Ştatlarına səfər
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2006-cı il dekabrın 4-7-də Amerika Birləşmiş Ştatlarındasəfərdə olub.
ABŞ-da keçirilmiş bir sıra görüşlər
Dekabrın 4-də Mehriban Əliyeva ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədrləri, konqresmenlər demokrat Solomon Ortis, respublikaçı Bil Şuster və qrupun üzvləri Ed Uilfild, Visente Foks ilə görüşüb. Görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi vurğulanıb, bir neçə aktual məsələ, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin aradan qaldırılması, Azərbaycanın geostrateji mövqeyi, ölkəmizin müasir durumu ətrafında müzakirələr aparılıb.
Mehriban Əliyeva ABŞ Konqresinin Avropa və yeni təhlükələr üzrə alt komitəsinin sədri vəzifəsinin icrasına yaxın günlərdə başlayacaq konqresmen Robert Ueksler ilə də görüşüb.
Mehriban Əliyevanın növbəti görüşü Corc Buş Prezident Kitabxanası Fondunun prezidenti, ABŞ-ın Milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri general Brent Skoukroftla olub. Söhbət zamanı Heydər Əliyev Fondu ilə Corc Buş Prezident Kitabxanası Fondu arasında əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.
ABŞ-a səfəri çərçivəsində Mehriban Əliyeva Vaşinqtonun nüfuzlu təhlil və tədqiqat mərkəzlərinin, universitetlərinin nümayəndələri ilə də görüşüb. Görüşdə ABŞ-ın tanınmış alim və ictimai xadimləri, o cümlədən Syuzan Eyzenhauer, Frederik Star, Svant Kornel, Ancela Stend, Ceyms Beyker, Rob Sobhani, Roald Saqdeyev, Ariel Koen iştirak ediblər.
“Volter Rid” adına hərbi tibb mərkəzi və Vaşinqtondakı Toxuculuq muzeyi ilə tanışlıq
Mehriban Əliyeva “Volter Rid” adına hərbi tibb mərkəzində və Vaşinqtondakı Toxuculuq muzeyində olub. Toxuculuq muzeyində birinci xanıma Azərbaycan xalçaçılıq muzeyi ilə həyata keçirilən layihələr haqda məlumat verilib.
Amerikada yaşayan azərbaycanlı və amerikalı incəsənət xadimləri ilə görüş
Mehriban Əliyeva Vaşinqtondakı ABŞ-Azərbaycan Ticarət Palatası nəzdində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində Amerikada yaşayan azərbaycanlı və amerikalı incəsənət xadimləri ilə görüşüb.
Azərbaycan ilə ABŞ arasında münasibətlərin yüksək səviyyəsindən danışan Mehriban Əliyeva zəngin mədəni irsimizin Amerikada tanıdılmasına dair layihələrin həyata keçirilməsinə ehtiyac olduğunu söyləyib.
ABŞ-ın birinci xanımı Lora Buş ilə görüş
Dekabrın 7-də Mehriban Əliyeva Ağ evdə ABŞ-ın birinci xanımı Lora Buş ilə görüşüb. Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin möhkəmləndirilməsində təhsil, səhiyyə, mədəniyyət sahələrinin rolundan danışılıb.
Mehriban Əliyeva ABŞ-ın birinci xanımını Azərbaycana səfərə dəvət edib.
ABŞ senatoru Key Beyli Hatçinson və Konqresin üzvü Şila Sikula Qibs ilə görüş
Mehriban Əliyeva ABŞ senatoru Key Beyli Hatçinson və Konqresin üzvü Şila Sikula Qibs ilə görüşüb.
Görüş zamanı Heydər Əliyev Fondu ilə senator Hatçinsonun həmsədri olduğu “Vital Voice” qeyri-hökumət humanitar təşkilatı arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Amerikanın müxtəlif ştatlarında təhsil alan azərbaycanlı tələbələrlə görüş
Mehriban Əliyeva Azərbaycanın ABŞ-dakı səfirliyində Amerikanın müxtəlif ştatlarında təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Heydər Əliyev Fondunun fəaliyyətində təhsil layihələrinin prioritet yer tutduğunu qeyd edən Mehriban Əliyeva Fondun bu istiqamətdə apardığı işlərdən danışıb.
Mehriban Əliyevanın şərəfinə ziyafət
ABŞ-Azərbaycan Ticarət Palatası Vaşinqtonun “Endryu Melon” Auditoriumunda Mehriban Əliyevanın şərəfinə ziyafət verib. Ziyafətdə 300-dən artıq qonaq, o cümlədən Ağ evin və Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri, ABŞ Konqresinin üzvləri, görkəmli siyasi və ictimai xadimlər, xarici ölkələrin ABŞ-da akkreditə olunmuş səfirləri iştirak ediblər.
Ziyafətdə Mehriban Əliyevaya ABŞ-Azərbaycan Ticarət Palatasının “2006-cı ilin xoşməramlı səfiri” mükafatı təqdim edilib.
Sonda Azərbaycandan gəlmiş gənc ifaçıların konsert proqramı olub.
ABŞ dövlət katibinin ictimai diplomatiya və ictimai məsələlər üzrə müavini Karen Hyuz ilə görüş
Mehriban Əliyeva ABŞ-ın dövlət katibinin ictimai diplomatiya və ictimai məsələlər üzrə müavini Karen Hyuz ilə görüşüb. Mehriban Əliyeva Karen Hyuza rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən humanitar sahədə həyata keçirilən layihələr haqda məlumat verib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışılıb.
4-7 dekabr 2006-cı il