Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatının təqdimatı
16.06.2014İyunun 16-da Afinada Beynəlxalq Olimpiya Akademiyasının gənc iştirakçılarının 54-cü beynəlxalq sessiyasının açılış mərasimi keçirilib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib:
- Cənab Beynəlxalq Olimpiya Komitəsinin prezidenti.
Beynəlxalq Olimpiya Akademiyasının prezidenti.
Hörmətli iştirakçılar, hörmətli dostlar.
Xanımlar və cənablar.
Beynəlxalq Olimpiya Komitəsi tərəfindən mükafata layiq görülmək və qədim yunan torpağında bu nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir.
Bu gün sizin hamınızla birlikdə bu gözəl mərasimdə iştirak etmək məndə məmnunluq hissi doğurur. Beynəlxalq Olimpiya Akademiyasının prezidenti cənab İsidorosa və akademiyanın bütün üzvlərinə Olimpiya dəyərləri və prinsiplərinin təbliğində mənim fəaliyyətimə yüksək qiymət verdikləri üçün dərin minnətdarlığımı bildirmək istəyirəm.
Biz Azərbaycanda Olimpiya Akademiyasının Olimpiya dəyərlərinin qorunması, inkişafı və bütün dünyada paylaşılması işindəki nailiyyətlərini yüksək qiymətləndiririk. Biz birlikdə Azərbaycan gəncləri, eləcə də idmanla bağlı rəsmi şəxslər, Avropa gəncləri üçün təhsil proqramları hazırlamışıq. Biz “Bakı-2015” Təşkilat Komitəsinə dəstək göstərmək üçün birgə çalışırıq.
Bu gün Azərbaycan Beynəlxalq Olimpiya Hərəkatının fəal üzvüdür. İdmanın inkişafı, Olimpiya dəyərləri və ideallarının təbliği bizim ölkəmizin siyasətinin prioritetlərindən biridir. Müstəqilliyimizin bərpasından sonra biz Beynəlxalq Olimpiya Komitəsinin ölkəmizdə idmanın inkişafına verdiyi diqqəti həmişə hiss etmişik. Şəxsən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa bizim təşəbbüslərimizi dəstəklədiyi üçün təşəkkürümü bildirmək istəyirəm.
Müstəqil ölkə kimi Azərbaycan Olimpiya Oyunlarında 20 ildən az müddətdir ki, iştirak edir və oyunlardan oyunlara daha da çox medallar qazanan idmançılarımızın uğurları bizi fərəhləndirir. Son Yay Olimpiya Oyunlarında idmançılarımız 10 medal qazanmışlar ki, onlardan ikisi qızıl olmuşdur. Azərbaycan Yay Olimpiya Oyunları iştirakçıları arasında medalların sayına görə 30-cu, Avropa ölkələri arasında isə 15-ci yeri tutmuşdur. Biz, həmçinin idman infrastrukturunun inkişafına çoxlu sərmayə yatırırıq. Son 10 il ərzində ölkəmizdə 50-dən çox müasir Olimpiya mərkəzi tikilmişdir. İdmançılarımızın uğurları, müasir idman infrastrukturu, idmançılara, idmanın inkişafına, idman ideyalarının təbliğinə göstərilən güclü dövlət dəstəyi, habelə ölkəmizin sürətli inkişafı 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi üçün Avropa Olimpiya Komitəsinin qərarına səbəb olan əsas amillərindən idi. Biz bu tarixi qərara görə Avropa Olimpiya Komitəsinə minnətdarıq. Baxmayaraq ki, Olimpiya Oyunlarının vətəni Avropa sayılır, digər qitələrlə müqayisədə Avropa Oyunları əvvəllər heç vaxt keçirilməmişdir.
Bizim üçün Avropa Oyunlarının təşkili milli qurur və məsuliyyət məsələsidir. Sizə onu deyə bilərəm ki, bu qərar Azərbaycan xalqı tərəfindən ciddi şəkildə dəstəklənmişdir. 2015-ci il ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi, sizi əmin edə bilərəm ki, biz Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi, idmançılar və nümayəndə heyətlərinin üzvləri, qonaqlar və yerli vətəndaşlar üçün mükəmməl şəraitin yaradılması istiqamətində əlimizdən gələni edəcəyik. Əminəm ki, Oyunlar dostluq və həmrəylik ab-havasında keçiriləcəkdir.
Hörmətli dostlar, fürsətdən istifadə edərək yunan xalqına xoşbəxtlik və firavanlıq arzu edirəm. Yunanıstan qədim tarixə, mədəniyyətə və ənənələrə malik olan bir ölkədir. Yunanıstan xalqı əsrlər boyu öz mədəni və tarixi irsini bəşəriyyət üçün qorumuşdur. Mən çox şadam ki, Azərbaycan və Yunanıstan arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir və bir çox sahələri əhatə edir. Qarşılıqlı hörmət və tərəfdaşlıq əsasında iqtisadi, siyasi, mədəni və digər sahələrdə əməkdaşlıq hər iki ölkəyə fayda verir. Biz yaxşı tərəfdaşıq və dostuq.
Sonda əziz dostlar, sizə bu nüfuzlu mükafatı mənə təqdim etdiyinizə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Fürsətdən istifadə edərək sizin hamınızı Avropa Oyunlarına dəvət edirəm və bizimlə birlikdə idman, həmrəylik və dostluq bayramından zövq almağınızı istəyirəm. Bir daha çox sağ olun. Sizə gələcəkdə uğurlar arzulayıram.