Rusiyaya səfər
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2015-ci il aprelin 10-11-də Rusiyada səfərdə olub.
Moskvada “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı
Aprelin 10-da Moskvada Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin birgə təşkilatçılığı ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.
Azərbaycanın birinci xanımı, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak ediblər.
“Ukrayna” mehmanxanasının Konqres mərkəzində keçirilən tədbirə Rusiyanın ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, mədəniyyət xadimləri və digər nüfuzlu qonaqlar qatılıblar.
Qonaqlar əvvəlcə “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilmiş sərgiyə baxıblar. Tədbirin iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən Azərbaycan haqqında hazırlanmış müxtəlif nəşrlər, o cümlədən birinci Avropa Oyunlarına həsr olunmuş bukletlər təqdim edilib.
Mehriban Əliyeva mərasimdə çıxış edib.
Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovun çıxışından sonra mərasim iştirakçıları “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilmiş filmə baxıblar.
Mərasim konsert proqramı ilə davam edib.
Moskvada Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüş
Aprelin 11-də Mehriban Əliyeva TASS Agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.
Yenidən Moskvada olmaqdan məmnunluğunu bildirən Mehriban Əliyeva birinci Avropa Oyunları ilə əlaqədar Azərbaycanda görülən işlərdən danışıb, tədbir iştirakçılarını Oyunlara baxmağa dəvət edib.
Sonra Mehriban Əliyeva Rusiya Federasiyasının nüfuzlu aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı suallarını cavablandırıb.
“Rossiya-24” kanalına müsahibə
Aprelin 11-də Mehriban Əliyeva Rusiyanın “Rossiya-24” kanalına müsahibə verib. Müsahibəsində birinci xanım Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əməkdaşlıq, “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıq, Azərbaycanda hökm sürən tolerant mühit, Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti və digər məsələlərdən danışıb.
TASS agentliyinə müsahibə
Aprelin 11-də Mehriban Əliyeva Rusiyanın TASS agentliyinə müsahibə verib. Birinci xanım müsahibəsində “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıq işlərindən söz açıb.
10-11 aprel 2015-ci il