Türkmənistana səfər

 

Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə işgüzar səfərə gəlib.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.

Türkmənbaşı şəhərində təsviri və dekorativ sənət əsərlərindən ibarət sərgilərlə tanışlıq

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədrinin xanımı Oqulgerek Berdiməhəmmədova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan təsviri və dekorativ sənət əsərlərindən ibarət sərgilərlə tanış olublar.

Sərginin bölmələrində türkmən xalqının bütün dünyada məşhur xalça və xalça məhsulları, keşdə üslubunda hazırlanmış milli qadın geyimləri, qadınlar üçün milli zinət əşyaları, o cümlədən üzük, sırğa, bilərzik və digər aksesuarlar, türkmən qadın rəssamlarının əsərləri və əl işləri nümayiş olunur.

Tədbir çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim edilib.

XXX

Sərgi ilə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədrinin xanımı Oqulgerek Berdiməhəmmədova və Türkiyənin birinci xanımı Əminə Ərdoğan çay süfrəsi arxasında söhbət ediblər.

Azərbaycan və Türkiyə dövlət başçılarının və onların xanımlarının şərəfinə rəsmi nahar

Dekabrın 14-də Türkmənbaşı şəhərində Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi nahar verilib.

 14 dekabr 2022-ci il