Fransaya səfər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2019-cu il martın 11-12-də Fransa Respublikasında səfərdə olub.

“Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüş

Martın 11-də Mehriban Əliyeva Parisdə “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşüb.

Mehriban Əliyeva “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşündən məmnun olduğunu deyib. Bildirib ki, XIX əsrdə Azərbaycanda çox məşhur olan Rotşildlər 1883-cü ildə “Xəzər–Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti”ni təsis etmişdilər. “Azərbaycan – Bakı o zaman neft sənayesinin mərkəzi idi və Rotşild qardaşları Bakıya böyük investisiya gətirmişdilər”, - deyən Mehriban Əliyeva bütün bunların Bakıda neft sənayesinin daha da canlanmasına səbəb olduğunu diqqətə çatdırıb.

Görüşdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

“Suez Groupe” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Qebali ilə görüş

Martın 11-də Mehriban Əliyeva “Suez Groupe” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Qebali ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Suez Groupe” şirkəti arasında ətraf mühit, ekologiya və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Fransanın Milli Xərçəng İnstitutunun təsisçisi professor David Hayat ilə görüş

Martın 11-də Mehriban Əliyeva Parisdə Fransanın Milli Xərçəng İnstitutunun təsisçisi və keçmiş prezidenti professor David Hayat ilə görüşüb.

Görüşdə onkoloji xəstəliklərin qarşısının alınması, bu sahədə təcrübə mübadiləsinin aparılması və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Həmçinin görüşdə iki ölkənin onkologiya mərkəzləri arasında sıx əməkdaşlığın qurulmasının və birgə layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Fransanın Baş naziri Eduard Filip ilə görüş

Martın 12-də Mehriban Əliyevanın Fransanın Baş naziri Eduard Filip ilə təkbətək görüşü olub.

Mehriban Əliyevanı Fransanın Baş naziri Eduard Filip Matinyon sarayında qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Daha sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Fransanın Baş naziri Eduard Filipin təkbətək görüşü olub.

Görüşdən sonra Mehriban Əliyevanın və Baş nazir Eduard Filipin iştirakı ilə Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi keçirilib.

Azərbaycan Respublikası ilə Fransa İnkişaf Agentliyi arasında “Dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına dair konvensiya”nı Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan imzalayıblar.

“Azərbaycan Mərkəzi Bankı ilə “Rotchild & Cie” Bankı arasında Strateji Əməkdaşlıq Sazişi”ni Mərkəzi Bankın sədri Elman Rüstəmov və “Rotchild & Cie” Bankının baş direktoru Aryel Malard dö Rotşild imzalayıblar.

“Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair araşdırma müqaviləsi”ni və “Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılmasına dair müqavilə”ni “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov və “Thales International” şirkətinin baş direktoru Rafael Eskinazi imzalayıblar.

Fransa Senatının sədri Jerar Larşe ilə görüş

Martın 12-də Mehriban Əliyeva Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.

Fransa Senatının sədri Jerar Larşe Mehriban Əliyevanı qarşılayıb.

Mehriban Əliyeva Senatda Fransa-Azərbaycan dostluq qrupunun sədri və müşavirlər ilə görüşüb.

Sonra Mehriban Əliyeva ilə Fransa Senatının sədri Jerar Larşenin görüşü olub.

Görüşdən sonra Mehriban Əliyeva Fransa Senatının xatirə kitabını imzalayıb.

Fransanın birinci xanımı Brijit Makron ilə görüş

Martın 12-də Yelisey sarayında Mehriban Əliyevanın Fransanın birinci xanımı Brijit Makron ilə görüşü olub.

Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edilib. Mehriban Əliyevanın Parisə səfərinin əlaqələrin inkişafına mühüm töhfə verəcəyi bildirilib. Söhbət zamanı ailə-qadın, gender bərabərliyi, təhsil, ətraf mühitin qorunması və digər məsələlərlə bağlı müzakirələr aparılıb, Bakıda Fransız Liseyinin fəaliyyətinin məmnunluq doğurduğu qeyd olunub, Şərqdə hüquq elminin ilk dəfə Azərbaycanda tədris edildiyi bildirilib. Mehriban Əliyevanın rəhbərliyi ilə müxtəlif dövlərlərdə Fransada keçirilən mədəniyyət tədbirlərinin əhəmiyyəti vurğulanıb.

Mehriban Əliyeva Fransanın birinci xanımı Brijit Makronu ölkəmizı səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüş

Martın 12-də Mehriban Əliyeva Parisdə Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.

Görüşdə Mehriban Əliyevanın Parisə səfərindən məmnunluq ifadə olunub. Bu səfərin Fransa-Azərbaycan əlaqələrinin inkişafına töhfə verdiyi bildirilib.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Fransa Milli Assambleyasının sədri Rişar Ferran ilə görüş

Martın 12-də Mehriban Əliyevanın Fransa Respublikası Milli Assambleyasının sədri Rişar Ferran ilə görüşü olub.

Rişar Ferran Mehriban Əliyevanı qarşılayıb.

Mehriban Əliyeva Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun sədri və müşavirlər ilə görüşüb.

Sonra Mehriban Əliyeva ilə Rişar Ferranın görüşü olub.

Mehriban Əliyeva Rişar Ferranı Bakıya səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

Parisin Orsey muzeyini ziyarət

Martın 12-də Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frank Riyesterin müşayiəti ilə Parisin Orsey muzeyini ziyarət edib.

Fransanın mədəniyyət naziri Mehriban Əliyevanı qarşılayıb.

Parisin Orsey muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, Fransa paytaxtının ən yaraşıqlı binalarından olan və əvvəllər Paris-Orlean marşrutu üzrə işləyən qatarların stansiyası kimi fəaliyyət göstərən bu bina artıq Orsey muzeyi adlanır. Bu gün Parisin, həmçinin Avropanın ən çox ziyarət edilən mədəniyyət ocaqları sırasında olan Orsey muzeyi Sena çayının sahilindədir və 1898-1900-cü illərdə inşa edilib. Paris arxitekturasının ən gözəl nümunələrindən olan Orsey muzeyi 1978-ci ildən tarix-memarlıq abidəsi kimi qorunur.

Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüş

Martın 12-də Mehriban Əliyevanın Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşü olub.

Brüno Lömer Mehriban Əliyevanın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində mühüm rolu olduğunu bildirib. Birlikdə işləməyə hazır olduqlarını qeyd edən nazir Brüno Lömer deyib ki, Fransa yeni texnologiyalar sahəsində ölkəmizə töhfələr verə bilər. “Total”ın Azərbaycanda fəal rol oynadığını bildirən fransalı nazir nəqliyyat, kənd təsərrüfatı sahələrində də təcrübələrini bölüşə biləcəklərini qeyd edib. O, iki ölkə arasında əməkdaşlığı möhkəmləndirməyi təklif edib.

Mehriban Əliyeva ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa böyük önəm verildiyini bildirib və bunun üçün yaxşı zəmin olduğunu vurğulayıb. Ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, ancaq mövcud iqtisadi əməkdaşlığın real potensiala cavab vermədiyini qeyd edib. Bildirib ki, tezliklə konkret layihələrin həyata keçirilməsinə başlanılmalıdır.

11-12 mart 2019-cu il