Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

Dekabrın 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından hərbi hissənin şəxsi heyətini təbrik edib, Vətənin müdafiəsi kimi şərəfli və məsuliyyətli xidmətlərində zabit və əsgərlərə uğurlar arzulayıb.

Sonra DTX-nin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin və respublikanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə maraqlı konsert proqramı olub.

Sonda hərbi hissənin xidmətdə fərqlənmiş əsgərləri mükafatlandırılıb. Həmçinin hərbi tədrisdə yüksək nəticələr əldə etmiş əsgərlərin valideynlərinə, o cümlədən əsgər Heydər Əliyevin valideyni Mehriban Əliyevaya təşəkkür məktubu təqdim olunub.