Birinci vitse-prezident Mehriban Əliyeva Şağan qəsəbəsində inşa edilmiş Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak edib

Martın 5-də Xəzər rayonunun Şağan qəsəbəsində yeni inşa edilən Mədəniyyət Mərkəzinin açılış mərasimi olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

İki mərtəbədən ibarət Mədəniyyət Mərkəzinin binasının inşasına 2014-cü ildə başlanılıb. Ən yüksək səviyyədə aparılan tikinti işləri nəticəsində Mərkəzdə 200 yerlik tamaşa zalı, kinozal, kinoproyeksiya, qrim otağı, rəssam emalatxanası, musiqi dərnəyi, oxu zalı, kitab fondu, tətbiqi incəsənət, ədəbiyyat, evdarlıq dərnəkləri, rəqs zalı, 41 yerlik amfiteatr, işıq aparatları və səs operator otaqları yaradılıb.

Mədəniyyət Mərkəzinin ətrafındakı ərazi abadlaşdırılıb, ağaclar əkilib və yaşıllıq salınıb.

Yeni Mərkəzlə tanış olan Mehriban Əliyeva kollektivə uğurlar arzulayıb.