Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Şahdağ” Turizm Mərkəzində görülən işlərlə tanış olublar

Dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Şahdağ” Turizm Mərkəzində görülən işlərlə tanış olublar.

“Şahdağ” Turizm Mərkəzinə gələn dövlətimizin başçısı burada xizək sürdü.

Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə yerləşən “Şahdağ” Turizm Mərkəzinin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” Turizm Mərkəzi oxşar istirahət məkanlarından bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.

Son illərdə burada xeyli iş görülüb. Dövlətimizin başçısı ən hündür nöqtədə tikilən “Shahdag 2351” kafesinin qarşısında yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, burada baxış meydançası yaradılıb, ərazidə ehtiyat helikopter meydançası inşa edilib, hündürlüyü 30 metr olan bayraq dirəyi quraşdırılıb.

Prezident İlham Əliyev yerli və xarici turistlərlə söhbət etdi. Turistlər “Şahdağ” Turizm Mərkəzində yaradılan şəraitdən razılıqlarını bildirdilər.

Qeyd edək ki, “Welcome Shahdag” ərazisinin giriş hissəsi abadlaşdırılıb, burada yaşıllıq zolağı salınıb. “Welcome Shahdag” turistlərin mərkəzdə qarşılaşacaqları ilk nöqtədir. Bu ərazidə 363 yerlik yeni avtomobil dayanacağı inşa edilib. Qonaqların qarşılanması, məlumatlandırılması və istiqamətləndirilməsi üçün “Welcome Plaza” binası da tikilib. Turist avtomobillərinin rahatlığı üçün isə uzunluğu 1 kilometrə yaxın olan yeni alternativ Zirvə yolu inşa edilib.

Baş Nazirin birinci müavini Yaqub Eyyubov və “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rodderix Leffler bildirdilər ki, 2018-ci ilin martından bu ilin dekabrına qədərki dövrü əhatə edən ikinci faza çərçivəsində “Şahdağ” Turizm Kompleksində ümumi uzunluğu 7,9 kilometr olan 7 eniş zolağı inşa edilib. Bu eniş zolaqlarında 81 yeni qaryaratma avadanlığı quraşdırılıb və qaryaratma üçün lazım olan kommunikasiya xətləri inşa edilib. Şahdağ ərazisində quraşdırılan müasir qaryaratma avadanlıqları ən çox qaryaratma gücünə malikdir. Hazırda kompleksdəki eniş zolaqlarının ümumi uzunluğu 22,8 kilometrə çatır və burada yeni quraşdırılan kanat yolları 1,4 kilometr uzunluğundadır. 5 saylı kanat yolunun yuxarı operator məntəqəsi dəniz səviyyəsindən 2351 metr hündürlükdə inşa edilib. Bu, 1 saylı kanat yolunun yuxarı stansiyasından 250 metr daha hündürdə yerləşir. 600 metrlik 20 saylı kanat yolu “Welcome Shahdag” ərazisi ilə Zirvə lift bazasını, 5 saylı kanat yolu isə 1 saylı kanat yolunun davamı olaraq MTG zonasını 5 saylı eniş zolağının başlanğıcı və ya “Shahdag 2351” kafesi ilə birləşdirir. O da qeyd olundu ki, təbii göl və onun ətrafında tikinti quraşdırma işləri də tamamlanıb. Ərazinin abadlaşdırılması işləri indi də davam edir və 2020-ci ilin yaz aylarında göl ətrafında yeni park zonası istifadəyə veriləcək.

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, “Şahdağ” Turizm Mərkəzinin “Main Plaza” adlanan ərazisində 2 zalı olan yeni kinoteatr inşa edilib. Zalların biri 36, digəri 72 yerlikdir. Buraya gələn yerli və xarici turistlərin xizək sürdükdən sonrakı asudə vaxtlarının səmərəli təşkilində, onların müasir kino sənayesinin yeni məhsulları ilə tanış olmasında kinoteatr mühüm rol oynayacaq. Kinoteatrın Yeni il bayramında turistlərin istifadəsinə verilməsi planlaşdırılır. Bundan əlavə, dördxətli boulinq, uşaq boulinqi, bilyard və avtomat oyunlardan ibarət oyun zalı yaradılıb, “Music Hall” inşa edilib.

“Şahdağ” Turizm Mərkəzində görülən işləri yüksək qiymətləndirən dövlətimizin başçısı dedi ki, bura indi dünya səviyyəli xizək kurortudur. Burada həm peşəkarlar, həm də yeni başlayanlar üçün çox rahat enişlər var. Gələcəkdə kompleksin genişləndirilməsi ilə bağlı əlavə planlar olacaq.

Prezident İlham Əliyev “Şahdağ” Turizm Mərkəzinin üçüncü mərhələsi üzrə layihə işləri ilə bağlı tapşırıqlarını verdi.

Dövlətimizin başçısı və xanımı turistlərlə, kompleksin işçiləri ilə xatirə şəkilləri çəkdirdilər.

Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan “Şahdağ” Turizm Mərkəzində inşa edilən otellər bu istirahət məkanına marağı daha da artırır. Qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu bu otellərdə yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafına xüsusi fikir verilir. Paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına diqqətin göstəricisidir. Bu çərçivədə “Şahdağ” Turizm Mərkəzində inşa edilən otellərdə təqdim edilən yüksək şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını bir daha təsdiqləyir və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını göstərir. Ölkəmizdə qeyri-neft sektoruna mühüm töhfə olan “Şahdağ” Turizm Kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Bu möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə əraziyə gələrək tikintinin gedişi ilə tanış olub, bir neçə obyektin və otelin açılışında iştirak ediblər.