UEFA Avropa Liqasının finalı: Bakı Olimpiya Stadionunda “Çelsi” və “Arsenal” komandaları qarşılaşıblar

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub.

Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.

İki yüzdən çox ölkədə canlı yayımlanan final qarşılaşmasının birinci hissəsində bir neçə dəfə təhlükəli vəziyyət yaransa da, hesab açılmayıb. İkinci hissəyə “Çelsi” daha fəal başlayıb. Bu fəallığın nəticəsində 49-cu dəqiqədə Oliviye Jiru öz komandasını 1:0 hesabı ilə önə keçirib. Qarşılaşmanın 60-cı dəqiqəsində “Çelsi” hesabda üstünlüyünü artırıb. Budəfəki qolun müəllifi Pedro Rozdrigez olub. Beş dəqiqə sonra “Arsenal”ın qapısına penalti təyin edilib. Penaltini dəqiq yerinə yetirən Eden Azar hesabı 3:0-a çatdırıb. “Arsenal” hesab arasındakı fərqi 69-cu dəqiqədə Aleks İvobinin möhtəşəm qolu ilə azaltmağa müvəffəq olsa da, iki dəqiqə sonra Eden Azarın vurduğu qolla “Çelsi” fərqi üç topa çıxarıb: 4:1.

Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma elə bu hesabla da başa çatıb.