Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak ediblər

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər.

DOST Agentliyinin və ilk DOST mərkəzinin 7 mərtəbəli inzibati binasının memarı Nəriman İmaməliyevdir. Neomodernizm üslubunda inşa edilən bu bina mühəndis sistemləri baxımından ən müasir tələblərə cavab verir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binada yaradılan şəraitlə yaxından tanış olublar.

Bildirilib ki, mərkəzdə xidmətin asanlaşdırılması məqsədilə elektron lövhələr və məlumat köşkü yaradılıb. Nazirliyin aidiyyəti qurumlarının fəaliyyəti mərkəzdə əlaqəli şəkildə təmin edilib. Əlilliyi olan şəxslər üçün lazımi şərait yaradılıb. Xidmətlər vahid standartlar əsasında və bir-birinə inteqrasiya olunmuş şəkildə elektron müstəvidə təqdim olunur. DOST mərkəzlərində proaktiv xidmətlər də göstəriləcək, vətəndaşlara bu və ya digər sosial hüquqları barədə məlumat veriləcək.

Dövlətimizin başçısı və birinci xanım əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgiyə də baxıblar.

Sonra DOST Agentliyinin E-sosial portalı, E-pensiya və məşğulluq altsistemi barədə videoçarx nümayiş olunub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DOST Agentliyinin bir qrup işçisi və “Gənc DOST” könüllüləri ilə görüşüblər.

Sonda xatirə şəkli çəkdirilib.