Birinci vitse-prezident Mehriban Əliyeva 268 nömrəli xüsusi məktəbdə olub

Fevralın 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə olub, uşaqlarla görüşüb, şagirdlərin təhsili ilə maraqlanıb.

Məlumat verilib ki, təhsil ocağı 2017-ci il sentyabrın 11-də əsaslı təmirdən sonra Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Qeyd olunub ki, məktəbin 23 sinif otağı var. Təhsil müəssisəsinin bütün otaqları zəruri əyani tədris vəsaitləri ilə təchiz olunub. Burada, həmçinin informatika otağı və gimnastika zalı da şagirdlərin ixtiyarına verilib. Təhsil ocağında əqli və fiziki cəhətdən geri qalmış, psixi inkişafında ləngiməsi olan 900 şagird təhsil alır. Onlardan 220-nə məktəbdə, qalanlarına isə evlərində fərdi qaydada dərs keçirilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili ilə 242 müəllim məşğul olur. Onlar daun sindromlu, autizm, ümumtəhsil proqramını mənimsəyə bilməyən və əqli inkişaf geriliyi diaqnozu olan uşaqlara təlim keçirlər. Məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Burada uşaqlar gündə 2 dəfə qidalanırlar.

Uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Mehriban Əliyeva məktəbin musiqi sinfində şagirdlərin ifasını dinləyib.