Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılışında iştirak ediblər

Yanvarın 14-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Məlumat verilib ki, 60 çarpayılıq dördmərtəbəli birləşmiş şəhər xəstəxanasının ərazisində təcili yardım stansiyası və digər binalar inşa olunub, zəruri infrastruktur yaradılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 1,4 hektardır, tibb ocağının binasının ümumi sahəsi isə 8 min kvadratmetrə yaxındır.

Qeyd edilib ki, Qobustanda xəstəxana 1955-ci ildən fəaliyyətə başlayıb. Xəstəxana binalarının yararsız vəziyyətdə olması nəzərə alınaraq Prezident İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamı ilə Qobustan qəsəbəsindəki 17 nömrəli birləşmiş şəhər xəstəxanasının yenidən qurulması üçün maliyyə vəsaiti ayrılıb. Aparılan inşaat işləri zamanı köhnə xəstəxananın yerləşdiyi binalar tam sökülüb və onların yerində müasir standartlara cavab verən yeni xəstəxana binası inşa edilib.

Xəstəxana binasında ümumi qəbul, funksional diaqnostika, pediatriya, mama-ginekologiya, travmatologiya, cərrahiyə və doğum şöbələri, rentgen, terapevt, EKQ, otorinolorinqoloq, oftalmoloq, stomatoloq kabinetləri, əczaxana yaradılıb. Tibb müəssisəsində, eyni zamanda, ümumi terapiya, reanimasiya şöbələri, böyüklər və uşaqlar üçün palatalar, laboratoriyalar var. Xəstəxananın hemodializ və fizioterapiya şöbələrində müasir avadanlıq quraşdırılıb, bütün şöbələr və bölmələr arasında birbaşa əlaqələr mövcuddur. Bu isə həm həkimlərin, həm də xəstələrin rahatlığını təmin etmək baxımından böyük rol oynayır. Xəstəxana binasında istirahət və gözləmə guşələri də yaradılıb. Tibb müəssisəsinin müşavirə zalı və yeməkxanası da var. Xəstəxana binasi yüksək zövq və keyfiyyətlə inşa olunub. Tibbi heyət köhnə xəstəxana binasında gün ərzində 80-90 xəstəyə xidmət göstərə bilirdisə, yeni binada gün ərzində 200-300 xəstəyə tibbi xidmət göstərmək mümkündür. Yeni xəstəxana binasının istifadəyə verilməsindən sonra burada 200-250 həkim, orta və kiçik tibb heyəti və yardımçı işçilərin işlə təmin olunması nəzərdə tutulur.

Sonra dövlətimizin başçısı tibb müəssisəsinin kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.