Sumqayıtda qaçqın və məcburi köçkün ailələri üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılışı olub

Dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Şəhərin mərkəzində, Koroğlu prospektində yerləşən kompleksin inşasına 2017-ci ilin martında başlanılıb. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Ərazisi 4 hektar olan kompleksdə ümumilikdə 12 bina, o cümlədən səkkizmərtəbəli səkkiz, 15 mərtəbəli dörd bina var. Kompleksdə məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış olublar.

Mənzillərin hamısı tam təmirlidir və mətbəx mebeli, qaz sobası ilə təchiz olunub. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb. Kompleksdəki 1005 mənzilin 167-si birotaqlı, 536-sı ikiotaqlı, 302-si isə üçotaqlı və dördotaqlıdır. Ərazidə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün iki istirahət guşəsi yaradılıb, uşaq meydançası quraşdırılıb. Kompleksin ümumi ərazisinin 67 faizində yaşıllıq və abadlıq işləri görülüb. Bu kompleks Sumqayıtın mərkəzində yerləşdiyindən şəhərin memarlıq üslubuna uyğun inşa olunub, binaların fasadlarına xüsusi diqqət yetirilib, fərqli üslubda pəncərələr quraşdırılıb.

Layihənin icrası zamanı Sumqayıtdakı 12-ci mikrorayonda yerləşən 21 saylı məktəbə əlavə olaraq, dördmərtəbəli yeni korpus inşa edilib, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yenilənib. Məktəbin 540 şagird yerlik yeni korpusunda 21 sinif otağı var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait var.

Kompleksin ərazisində 50 yerlik uşaq bağçası da inşa edilib. Uşaq bağçasında balacaların təlim-tərbiyəsinin təşkili, onların istirahəti və əyləncəsi üçün hər cür şərait yaradılıb.