Prezident İlham Əliyev və ailə üzvləri “Bakutel-2018” sərgisi ilə tanış olublar

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018” ilə tanış olublar.

Dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verilib.

Bildirilib ki, builki sərgidə 20 ölkədən 230 şirkət iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən sərgidə 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunur.

Prezident İlham Əliyevə nazirliyin qurumlarının, müəssisələrinin məhsul və xidmətləri, həyata keçirdiyi layihələri barədə məlumat verilib.

Sonra dövlətimizin başçısı və xanımı Azərbaycanda müasir poçtun və rabitənin yaradılmasının 100 illiyinə, eyni zamanda, “Azərbaycan memarlığına” həsr olunan poçt markasını möhürləyiblər.

Prezident İlham Əliyev Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibə verib.

Sonra Prezident İlham Əliyev məşhur futbolçu, fransız Robert Pireslə görüşüb. Pires 1998-ci ildə dünya çempionu, 2000-ci ildə isə Avropa çempionu olub. “Arsenal” komandasının liderlərindən olan Pires, həmçinin İngiltərə kubokunun qalibi və İngiltərə çempionudur. FIFA-nın 2000-ci il reytinqinə görə, o, dünyanın ən yaxşı 100 futbolçusundan biri olub. O, həmçinin gələn il Bakıda keçiriləcək Avroliqa finalının səfiridir.

Qeyd edək ki, sərgidə, ilk dəfə olaraq, alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsasında “RoboKeeper” təqdim olunur. Bu, dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta bir çox məşhur dünya futbol ulduzları da bu qapıçını məğlub edə bilmir. Robert Pires Prezident İlham Əliyevə Avroliqanın rəsmi topunu təqdim edib.

Sərgi çərçivəsində Azərbaycanda poçt rabitəsinin 200 illik yubileyinə həsr olunmuş muzey də fəaliyyət göstərir.