Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qax rayonuna səfər ediblər

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qax rayonuna səfərə gəliblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Rayonda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verilib.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

XXX

Oktyabrın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında iştirak ediblər.

Məlumat verilib ki, Qax Damazlıq İpəkçilik Stansiyasının əsası 1973-cü ildə qoyulub. Maliyyə çətinliyi səbəbindən stansiya 1998-ci ildən fəaliyyətini dayandırmışdı. Nazirlər Kabinetinin 2015-ci ildə qəbul etdiyi qərarla stansiya Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların siyahısına daxil edilib. Prezident İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması məqsədilə Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb. Ötən ildən başlayaraq stansiyada əsaslı yenidənqurma işləri həyata keçirilib.

Stansiyanın ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi 2 min kvadratmetrdən çoxdur. Stansiyanın ərazisində inzibati bina, hər biri ikimərtəbəli olmaqla laboratoriya və inkubasiya mərkəzi, həmçinin hibrid toxumların istehsalı mərkəzi var. Burada, eyni zamanda, baramaqurdu ailələrinin yemlənməsi binası da yaradılıb. Qax Damazlıq Stansiyasında yeni yaradılmış tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması, çoxaldılması, onların bioloji və texnoloji göstəricilərinin yaxşılaşdırılması, barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin edilməsi nəzərdə tutulub. Stansiyada hər il 2 min ton yaş barama istehsalını təmin edəcək 4 min qutu hibrid ipəkqurdu toxumunun, eyni zamanda, 4 kiloqram superelit və 50 kiloqram elit sinfinə aid ipəkqurdu toxumlarının istehsalı planlaşdırılır.

Stansiyanın ərazisində 3 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağları salınıb. Bu müəssisənin istifadəyə verilməsi ölkəmizdə ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Bununla yanaşı, stansiya yeni iş yerlərinin yaradılmasında da mühüm rol oynayır. Hazırda stansiyada 11 nəfər daimi işlə təmin edilib. Müəssisə tam işə düşdükdən sonra burada 59 nəfər daimi, 150 nəfər isə mövsümi işlərlə təmin olunacaq.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müəssisədə süni yemin yaradılması istiqamətində davam etdirilən tədqiqatlar haqqında məlumat verilib.

Dövlətimizin başçısına və birinci xanıma Stansiyada “Ağıllı Kənd” – “Dövlət Kənd İnkişafı layihəsi” barədə də məlumat verilib.

Bildirildi ki, bu innovativ layihə kənd əhalisini və infrastrukturunu yeni texnoloji həllərlə təmin edir. “Ağıllı Kənd” layihəsi bir çox mühüm elementləri özündə birləşdirir. Onların arasında məktəblərdə elektron tədris və təlim mərkəzləri, onlayn təlim platforması, elektron tibbi xidmətlər, alternativ və bərpa olunan enerjidən istifadə, ağıllı suvarma sistemləri, elektron və SMS məlumatlandırma daxildir. Bundan başqa, ağıllı biznes və təsərrüfatın qurulması məqsədilə layihə bazara rahat çıxış platformaları, təchizatçılar, istehsalçılar üçün daxili və xarici bazara rəqəmsal çıxış, onlayn bank xidmətləri və digər xidmətlər təqdim edir. Layihə “Ağıllı Dövlət İdarəçiliyi” istiqamətində elektron kənd təsərrüfatı, elektron xidmətlər, “bir pəncərə” sistemi, GIS əsaslı real zamanda nəzarət və ağıllı yerli idarəetmə imkanlarını da nəzərdə tutur.

Stansiyanın ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb, qazanxana, müxtəlif təyinatlı su anbarları da inşa olunub.

XXX

Oktyabrın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışında iştirak ediblər.

Qax Aqroparkında görülən meliorativ tədbirlər, həmçinin Əyriçay su anbarı magistral kanallarının planı barədə dövlətimizin başçısına məlumat verilib.

Bildirilib ki, Qax rayonunun “Ağyazı” qışlaq otlağının ərazisində yerləşən aqroparkın yaradılması üçün meliorativ tədbirlərə 9 milyon manat, elektrik təminatına 4,7 milyon manat olmaqla, ümumilikdə 13,7 milyon manat dövlət əsaslı investisiya qoyulub. Aqroparkın ümumi ərazisi 2094 hektardır. Suvarılan sahə 1268 hektarı əhatə edir. Ərazinin 863 hektarında 28 pivot qurğusu qurulub, 405 hektarında isə “damcılama” sistemi yaradılıb. Əkin sahələrinin davamlı və keyfiyyətli su təminatı üçün Aqroparka dövlət investisiyaları hesabına 4,6 kilometr uzunluğunda su xətti çəkilib, tutumu 50 min kubmetr olan beton su hovuzu tikilib, bütün zəruri meliorativ tədbirlər görülüb. Buraya dövlət vəsaiti hesabına 15 kilometr məsafədən 10 kV-luq elektrik xətti çəkilib, transformatorlar quraşdırılıb. Aqroparka yaxın ərazidən keçən Qax-Qıpçaq-Ağyazı avtomobil yolunda əsaslı təmir işləri aparılıb.

Dövlətimizin başçısına və birinci xanıma İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə Şəki-Zaqatala iqtisadi rayonunda yaradılan və fəaliyyəti genişləndirilən müəssisələr, həmçinin tütün, fındıq, bal, quru meyvə istehsalı üzrə respublika, o cümlədən bu iqtisadi rayondakı ötən ilin statistik göstəriciləri barədə məlumat verilib.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonra Prezident İlham Əliyev aqroparkın suvarma sisteminin işə salınmasını bildirən düyməni basıb və əkin sahəsinə baxıb.

Aqroparkın müasir logistika mərkəzi də var. Burada yaradılan idarəetmə mərkəzində iclas və brifinq zalları, kənd təsərrüfatı mütəxəssislərinin qalması üçün on nəfərlik yataq otaqları yaradılıb. Layihənin icrası zamanı aqroparkın logistika mərkəzində informasiya-kommunikasiya texnologiyalarının son yenilikləri tətbiq edilib. Tutumu 4,5 min ton olan taxıl anbarı, sahəsi 5,4 min kvadratmetr olan bina tipli 4 anbar, ofis və yardımçı binalar tikilib. Logistik mərkəzdə, eyni zamanda, 7 yataqxana binası, maşınyuma məntəqəsi inşa olunub, elektron tərəzi, transformator yarımstansiyası, generator quraşdırılıb. Aqroparkda istifadə üçün 13-dən çox adda 54 ədəd texnika və aqreqat alınıb. Gələcəkdə aqroparkın fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur.

Aqroparkın bütün ərazisindəki fəaliyyətə burada yaradılan müasir logistik mərkəzdən nəzarət olunur. Aqroparkın əhatə etdiyi sahədə ən müasir avadanlıq tətbiq edilir. Burada xüsusi meteoroloji stansiyalar da quraşdırılıb. Bu stansiyalar aqroparkın hava durumu, torpağın hərarəti, rütubət kimi amillər barədə logistik mərkəzə məlumatlar ötürür.

XXX

Oktyabrın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qax şəhərində “Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Yurd Hotel” mehmanxanasının açılışında iştirak ediblər.

Mehmanxananın inşasına 2017-ci ilin sentyabrında başlanılıb. Yüksək keyfiyyət və zövqlə görülən tikinti işləri bu ilin sentyabrında başa çatdırılıb.

Qax şəhərindən 8,5 kilometr məsafədə yerləşən mehmanxana, İlisu kəndində ümumi sahəsi 3,3 hektar olan “Yaşıl Park” istirahət mərkəzinin ərazisində inşa edilib. Kompleksin tikinti sahəsi 2100 kvadratmetrdir. Yüz yerlik, üçmərtəbəli mehmanxana binasında müxtəlif kateqoriyalara uyğun 48 otaq var. Otaqlardan 45-i standart, 3-ü ailəvidir. Burada, eyni zamanda, VIP kottec də yaradılıb.

Turistlərin idmanla məşğul olması üçün ərazidə mini futbol meydançası yaradılıb. Eyni zamanda, burada qonaqlara açıq tipli kafe-bar və restoran da xidmət göstərəcək.