Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışında iştirak ediblər

Mayın 15-də Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, 2001-ci ildən fəaliyyət göstərən Müasir Təhsil Kompleksi Azərbaycanın ilk özəl təhsil müəssisələrindən biridir. Son illərdə bu təhsil ocağına maraq artıb və nəticədə məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi artıq zərurətə çevrilib. Buna görə də məktəb üçün əvvəlkindən daha böyük, müasir və dünya standartlarına uyğun yeni bina inşa edilib.

Kompleksdə müasir tələblərə cavab verən yüksəkkeyfiyyətli maddi-texniki baza yaradılıb.

Dövlətimizin başçısı və birinci xanım təhsil ocağında yaradılan şəraitlə tanış olublar.

Təhsil ocağı üç hissədən - uşaq bağçası, orta ümumtəhsil məktəbi və orta məktəbdən ibarətdir və onların hər birində üç bölmə - Azərbaycan, rus və ingilis bölmələri fəaliyyət göstərir. Ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin keyfiyyətli təşkili üçün hər cür şəraitə malikdir. Kompleksin akt zalında isə təhsillə bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün bütün imkanlar var. Sinif otaqlarının, fənn kabinetlərinin hamısı ən müasir tələblər səviyyəsində qurulub. Şagirdlərin nəzəri biliklərinin fizika, kimya və biologiya laboratoriyalarında tətbiqi üçün də zəruri avadanlıq quraşdırılıb. Kompleksin əsas məqsədlərindən biri sağlam təhsil mühiti yaratmaq və şagirdlərin hərtərəfli inkişafını təmin etməkdir. Məktəbdə dərslər şagirdlərin mükəmməl təhsili ilə yanaşı, həmçinin onların sosial və mənəvi inkişafına da yönəldilib. Qarşıya qoyulan məqsədlərdən biri də təhsil sistemində bilikli şagird yetişdirməklə yanaşı, onların həm də sosial həyata hazırlanmasını təmin etməkdir. Elə bu məqsədlə də “Sosial-fəal məktəb” konsepsiyasını əsas götürən Heydər Əliyev adına Müasir Təhsil Kompleksində sosialyönümlü şəxsin yetişdirilməsi üçün lazımi mühit yaradılıb. Bu model şagirdlərin istənilən şəraitə sərbəst və tez uyğunlaşması, sosial həyatlarının daha maraqlı və zəngin olmasına imkan yaratmaqla yanaşı, hər bir şagirdin fərdi qabiliyyətinin və potensialının üzə çıxarılmasına kömək edir. Məktəbdə Olimpiada qrupları, Şagird Elmi Cəmiyyəti, Şagird Parlamenti fəaliyyət göstərir. Şagirdlər olimpiadalarda, bilik yarışlarında yüksək yerlər qazanırlar, konfranslarda uğurla çıxış edirlər. Bu təhsil ocağında ən qabaqcıl, yüksəkixtisaslı müəllimlər fəaliyyət göstərirlər. İngilis bölməsində dərslər “Cambridge” proqramı əsasında keçirilir. “Cambridge” Checkpoint vasitəsilə müəllimlər şagirdlərin davamlı inkişafını qiymətləndirir, onların güclü və ya zəif cəhətlərini müəyyən edirlər. Proqramı bitirən şagirdlərə dünyanın bütün ölkələrində tanınan və yüksək səviyyədə qiymətləndirilən IGCSE sertifikatları verilir. Məktəbdə zəngin kitabxana da fəaliyyət göstərir. Kompleksin açıq idman meydançaları isə yüksək standartlara uyğun şəkildə qurulub.

Dövlətimizin başçısı və birinci xanım kompleksin bağçasında yaradılan şəraitlə də tanış olublar. 112 yerlik bağçada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub. Uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq.