Müqəddəs Taxt-Tacın nümayəndə heyəti ilə görüş

Fevralın 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın dövlətlərlə münasibətlər üzrə katibi arxiyepiskop Pol Riçard Qalaherin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Arxiyepiskop Pol Riçard Qalaheri Azərbaycanda salamlayan Mehriban Əliyeva bu səfərin ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Mehriban Əliyeva Azərbaycanın ölkələrimiz arasında olan münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib. Qeyd edib ki, son illər yüksək səviyyədə keçirilən görüşlər, səfərlər, 2002-ci ildə Roma Papası II İohann Pavelin, 2016-cı ildə Roma Papası I Fransiskin Azərbaycana səfərləri bu münasibətlərdə yeni tarixi səhifə açıb. Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqları, xalqımızın bu tolerantlığı, dözümlülük ab-havasını, əmin-amanlığı çox yüksək qiymətləndirdiyi vurğulanıb. Bildirilib ki, bu, həm Azərbaycan dövlətinin siyasəti, həm də Azərbaycan cəmiyyətinin həyat tərzidir. “Bu, Azərbaycanın ən böyük sərvətlərindən biridir və eyni zamanda, heç də sabit olmayan dünyaya vacib bir mesajdır”, - deyən Mehriban Əliyeva bizim belə münasibəti həm Azərbaycanda qoruduğumuzu, həm də dünyada təbliğ etdiyimizi diqqətə çatdırıb.

Son illər Heydər Əliyev Fondu ilə Vatikan arasında mövcud əlaqələrdən məmnunluğunu ifadə edən Mehriban Əliyeva birgə reallaşdırılan irimiqyaslı layihələrin əhəmiyyətini vurğulayıb. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının və ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümləri münasibətilə 2011-2012-ci illərdə Vatikanda Pol Riçard Qalaherin dəstəyi ilə böyük tədbirlərin keçirildiyini, Vatikan muzeylərindən birində Azərbaycanın tarixini, ənənələrini əks etdirən sərginin təşkil olunduğunu xatırladan Mehriban Əliyeva bildirib ki, Azərbaycan Vatikan muzeyində sərgini keçirən ilk müsəlman ölkəsi olması ilə fəxr edir. Mehriban Əliyeva Azərbaycanın, eyni zamanda, məşhur xristian abidələrinin qorunmasına öz töhfəsini verdiyini diqqətə çatdıraraq bildirib ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası işləri görülüb və 2016-cı ildə katakombalar ictimaiyyət üçün açılıb. “Çox şadam ki, Heydər Əliyev Fondu bu layihədə iştirak edib”, - deyən Mehriban Əliyeva diqqətə çatdırıb ki, Fond Piyo-Klementino muzeyində Zevsin heykəlinin bərpasında, o cümlədən “Sistina” zalında yenidənqurma işlərinin aparılmasında iştirak edib.

Tədqiqatçılarımıza Vatikanın məxfi arxivində çalışmaq imkanı yaradıldığına görə minnətdarlıq ifadə olunub. Qeyd edilib ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər təqdirəlayiqdir. Mehriban Əliyeva gələcəkdə də belə layihələrin davam etdirilməsinə hazır olduğunu deyib. Bildirib ki, hazırda müqəddəs Sebastyan katakombalarında sərdabaların bərpası davam edir və bu ilin sonunda bu layihənin başa çatacağı nəzərdə tutulur. Bu illər ərzində işbirliyinin dostluq səviyyəsinə yüksəldiyini deyən Mehriban Əliyeva buna görə minnətdarlığını bildirib, gələcəkdə də bu dostluğun davam edəcəyinə əminliyini ifadə edib.

Arxiyepiskop Pol Riçard Qalaher ölkəmizdə üç gün ərzində olduğunu, səfərin ona gözəl təəssürat bağışladığını, səmərəli görüşlərin keçirildiyini deyib, xalqımızın qonaqpərvərliyini yüksək dəyərləndirib. Qonaq ölkəmizə səfəri çərçivəsində katolik icması ilə görüşdüyünü diqqətə çatdırıb. O, Roma Papası I Fransiskin və dövlət katibi kardinal Pietro Parolinin salamlarını Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırıb.