Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2004-cü il martın 23-24-də Özbəkistanda səfərdə olublar.
Martın 23-də “Daşkənd-2” hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı ÖzbəkistanınBaş naziri Şavkat Mirziyayev və digər rəsmi şəxslər qarşıladılar.
Rəsmi qarşılanma mərasimi
Martın 23-də Özbəkistan Prezidentinin “Durmen” iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanması mərasimi olub.
Özbəkistan Prezidenti İslam Kərimov Özbəkistanın yüksək vəzifəli şəxslərini Prezident İlham Əliyevə təqdim etdi.
Daşkənddə Heydər Əliyevin adına Azərbaycan Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimi
Martın 23-də Daşkənddə Heydər Əliyevin adına Azərbaycan Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimi olub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlət başçısı və xanımı mərkəzdəki təlim kabinetləri, kompyuter salonu, kitabxana, muzey, musiqi və rəqs dərnəkləri, idman-sağlamlıq kompleksi ilə tanış oldular.
Sonra Prezident və xanımı Azərbaycan diasporunun üzvləri ilə görüşdülər.
Uşaq Kəndi Assosiasiyasının fəaliyyəti ilə tanışlıq
Martın 23-də Mehriban Əliyeva Prezident İslam Kərimovun xanımı Tatyana Kərimovanın müşayiəti ilə Özbəkistan Uşaq Kəndi Assosiasiyasının fəaliyyəti ilə tanış olub.
Mehriban Əliyevaya təşkilatın fəaliyyəti, əsas məqsədi barədə məlumat verildi.
Mehriban Əliyeva uşaqlara hədiyyələr təqdim etdi.
Özbəkistan Dövlət Sənət Muzeyi ilə tanışlıq
Martın 23-də Mehriban Əliyeva Özbəkistan Dövlət Sənət Muzeyində olub.
50 mindən çox eksponatın toplandığı muzeylə tanışlıq zamanı birinci xanıma muzeydəki eksponatlar haqqında məlumat verildi.
Mehriban Əliyeva Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı, muzeyə Azərbaycan rəssamlarının əsərlərini hədiyyə etdi.
Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi qəbul
Martın 23-də Özbəkistan Prezidenti İslam Kərimovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi qəbul təşkil edilib.
Prezidentlər qəbulda nitq söylədilər.
Səmərqənd şəhərinə səfər
Martın 24-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dünyanın qədim şəhərlərindən olan Səmərqəndə gəliblər.
Səmərqənd şəhərinin hava limanında dövlət başçısı və xanımını Səmərqənd vilayətinin hakimi Rüstəm Xolmuradov qarşıladı.
Prezident və xanımı əvvəlcə, Uluqbəy rəsədxanasına gəldi. Məlumat verildi ki, bu rəsədxana Əmir Teymurun nəvəsi, məşhur özbək astronomu Uluqbəy tərəfindən XV əsrdə yaradılmışdır. Sonrakı dövrlərdə bura uçulub dağılsa da, XX əsrin əvvəllərində bu rəsədxananın qalıqları tapılmış və yenidən bərpa olunmuşdur.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Səmərqəndin ən qədim abidələrinin yerləşdiyi ərazidəki Əfrasiyab muzeyinə gəldi. 1970-ci ildə yaradılmış bu muzeydə eramızdan əvvəl 5-4-cü və bizim eramızın 7-8-ci əsrlərinə aid arxeoloji tapıntıları, müxtəlif qədim bəzək əşyaları saxlanılır.
Səmərqənd şəhərinin tarixi-mədəni yerləri ilə tanışlığı davam etdirən Prezident və xanımı Əmir Teymurun dəfn olunduğu Gur-Əmir türbəsinə gəldi. XV əsrdə inşa edilmiş bu türbədə Teymurilər sülaləsindən olan digər hökmdarların da məzarları var. Dövlətimizin başçısına türbənin tikintisi barədə ətraflı məlumat verildi.
Prezident və xanımı Bibixanım məscidinə gələrək XVI əsrin yadigarı olan bu memarlıq abidəsinə tamaşa etdi, habelə Səmərqəndin ən böyük ticarət obyekti sayılan “Siab” bazarı ilə tanış oldu.
Şəhərlə tanışlıqdan sonra Səmərqənd vilayəti hakimiyyətinin iqamətgahında şəhərin hakimi Rüstəm Xolmuradovun adından nahar təşkil edildi.
23-24 mart 2004-cü il








