Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2004-cü il yanvarın 22-24-də Fransada səfərdə olublar.
Yanvarın 22-də Parisin beynəlxalq Orli hava limanında dövlət başçısını və xanımını Fransa hökumətinin yüksək vəzifəli şəxsləri, Fransanın Bakıdakı səfiri Şantal Puare, Azərbaycanın Parisdəki səfiri Eleonora Hüseynova və digər rəsmi şəxslər qarşıladılar.
Fransanın müdafiə nazirinin adından Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi qəbul
Yanvarın 22-də Fransanın müdafiə naziri xanım Mişel Alyo-Mari öz iqamətgahında Azərbaycanın dövlət başçısı İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi qəbul təşkil edib.
Fransanın müdafiə naziri xanım Mişel Alyo-Mari və Azərbaycan Prezidenti İlham Əliyev qəbulda nitq söylədilər.
Rəsmi qarşılanma mərasimi
Yanvarın 23-də Yelisey sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
“Fəxri legionun böyük xaç komandoru” ordeninin təqdim olunması mərasimi
Yanvarın 23-də Yelisey sarayında Fransa Prezidenti Jak Şirakın Azərbaycanın ümummilli lideri Heydər Əliyevi vaxtilə təltif etdiyi “Fəxri legionun böyük xaç komandoru” ordeninin Prezident İlham Əliyevə təqdim olunması mərasimi keçirilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Rəsmi qəbul
Yanvarın 23-də Yelisey sarayında Fransa Prezidenti Jak Şirak tərəfindən Azərbaycanın dövlət başçısı İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib.
Fransa və Azərbaycan prezidentləri qəbulda nitq söylədilər.
Fransa senatının sədri Kristian Ponsölenin adından Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi nahar
Yanvarın 23-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Fransa Senatında olublar.
Senatının rəhbərliyi ilə görüşdən sonra dövlət başçısına və xanımına xatirə hədiyyələri təqdim olundu.
Sonra Fransa senatının sədri Kristian Ponsöle tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verildi.
Dövlət başçısı rəsmi naharda nitq söylədi.
UNESCO-nun baş direktoru Koiçiro Matsuura ilə görüş
Yanvarın 23-də Mehriban Əliyeva UNESCO-nun iqamətgahında qurumun baş direktoru Koiçiro Matsuura ilə görüşüb.
Görüşdə son zamanlar UNESCO ilə Azərbaycan arasında əlaqələrin daha da genişləndiyi vurğulandı.
Mehriban Əliyeva UNESCO-ya müasir azərbaycanlı rəssamın tablosunu hədiyyə etdi.
Parisin “Nekyap” uşaq xəstəxanası ilə tanışlıq
Yanvarın 23-də Mehriban Əliyeva Parisin “Nekyap” uşaq xəstəxanasında olub.
Mehriban Əliyeva Azərbaycanın bu klinika ilə əlaqələrinin yaranması zərurətini, talassemiyadan və digər xəstəliklərdən əziyyət çəkən azərbaycanlı uşaqların bu xəstəxanada müalicə və reabilitasiya imkanlarının nəzərdən keçirilməsinin vacibliyini vurğuladı. O, klinikanın çoxillik təcrübəsindən Azərbaycanın da bəhrələnməsi imkanlarının araşdırılacağını söylədi.
Sonra klinikadakı uşaqlara hədiyyələr təqdim olundu.
22-24 yanvar 2004-cü il