Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər.
Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın rəsmi qarşılanma mərasimi olub.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin görüşündə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə edilib, bu münasibətlərin yaxşı perspektivlərinin olduğu vurğulanıb. Görüşdə Vatikanın Azərbaycan ilə əlaqələrə yüksək qiymət və mühüm əhəmiyyət verdiyi qeyd olunub, mədəniyyətlərarası və dinlərarası münasibətlərə Azərbaycanın verdiyi önəmin ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb. Görüşdə Azərbaycanda nümunəvi tolerantlıq mühitinin olduğu, bütün dini konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı da qeyd edilib.
Söhbət zamanı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illərdə Vatikanda həyata keçirdiyi müxtəlif mədəni layihələrin əhəmiyyəti də vurğulanıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.









