Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva martın 18-də Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə tanış olublar.
Böyükşor gölünün kompleks bərpası Prezidentin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq həyata keçirilir. İki mərhələdə həyata keçirilən layihənin birinci mərhələsi bu ilin mayınadək başa çatdırılacaq. İkinci mərhələ 2015-2020-ci illəri əhatə edəcək.
Görülən işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verildi. Bildirildi ki, 1570 metr uzunluğunda müvəqqəti bənd çəkilərək göl iki hissəyə ayrılıb. Bu bənd gələcəkdə Ziya Bünyadov prospekti ilə Balaxanı şossesini birləşdirəcək magistral yolun özülü olacaq. Layihənin növbəti mərhələsində gölün digər tərəfinin təmizlənməsi işləri həyata keçiriləcək. Böyükşor gölünə sənaye və məişət tullantı sularının və neft qalıqlarının axıdılmasının qarşısı artıq böyük həcmdə alınıb. Layihənin icrasına başlamazdan əvvəl gölə 76 mənbədən sənaye və məişət tullantı suları axıdılırdı. İndi bu mənbələr layihə ərazisində tamamilə ləğv edilib, qalan sahədə isə 36-ya endirilib və bu göstərici azalmaqdadır. Layihə ərazisinin cənub sahili boyunca çirkab suların qarşısının alınması üçün kanalizasiya xətti çəkilib və bu hissədə çirklənmə mənbələrinin qarşısı tamamilə alınıb. Layihə ərazisinin şərq və cənub sahilində bulvar və park salınır. Ümumi abadlıq işlərinin sahəsi 15 hektara yaxındır. Park-bulvarın bu ilin mayında paytaxt sakinlərinin və qonaqların istifadəsinə verilməsi planlaşdırılır.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.