“Birinci xanım” dövlət başçısının həyat yoldaşı üçün istifadə olunan qeyri-rəsmi tituldur.
Bu titul ilk dəfə Amerika Birləşmiş Ştatlarında işlədilib. ABŞ prezidenti ölkənin birinci şəxsi, onun həyat yoldaşı isə birinci xanım – “first lady” adlanır. Sonradan digər ölkələrdə də bu tituldan istifadə olunmağa başlanılıb.
Birinci xanımlar adətən digər dövlət başçılarının xanımları və ailələri ilə diplomatik münasibətlər saxlayır, dövlət başçısının rəsmi səfərləri zamanı birinci xanımlar üçün xüsusi proqram təşkil edilir. Bəzi birinci xanımlar ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edir, müxtəlif sahələrdə dövlət siyasətinin həyata keçirilməsinə yardımçı olurlar.
Azərbaycanın “birinci xanım”ı Mehriban Əliyevadır. Mehriban Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. O, 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. 2005-ci ildə “Eftanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. İxtisasca həkim olan Mehriban Əliyeva Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, Azərbaycan Gimnastika Federasiyasının və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır. Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və dörd nəvəsi var. |
Uşaqlar bizim gələcəyimizdir, uşaqlar Azərbaycanın sabahıdır. Bizim ən böyük arzumuz, əlbəttə, uşaqlarımızı, gənclərimizi savadlı, təhsilli və sağlam görməkdir. Əlbəttə, bunun üçün bizim uşaqlar bu gün gərək çox yaxşı oxusunlar. Çünki hər bir gəncin, hər bir uşağın gələcəyi onun təhsilindən, savadından, biliyindən asılıdır. Ölkəmizin gələcəyini, sabahını siz – bugünkü gənclər, bugünkü uşaqlar təmin edəcəksiniz. Ona görə bu gün sizin ən vacib borcunuz yaxşı təhsil almaqdır. Müasir dünyanın çağırışlarına cavab vermək üçün siz gərək hərtərəfli savada və biliyə malik olasınız. Siz gərək öz Vətəninizi sevəsiniz, vətənpərvərlik ruhunda tərbiyə olunasınız, eyni zamanda, bütün dünyaya açıq olasınız. Mehriban Əliyeva.
|
Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində uşaqlara qayğı daim həlledici yer tutub. Onun uşaqlara sevgisi hüdudsuzdur. İndi bütün uşaqlar bu sevgini və qayğını hiss edirlər. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun əksər layihələri, istər təhsil sahəsində, istər səhiyyə sahəsində məhz uşaqlara yönəlmişdir. Bu layihələrə o, xüsusi can yandırır, ürəklə yanaşır. Uşaqlar da onu fərqli məhəbbətlə sevirlər. Fonda göndərilən çoxsaylı məktublar, üzərində Mehriban xanımın adı həkk olunmuş müxtəlif əl işləri, onun məharətlə çəkilmiş portretləri – bütün bunların vasitəsi ilə uşaqlar ona öz sevgisini nümayiş etdirirlər. |
Çox sadə istəyi var. O, bütün uşaqları xoşbəxt görmək istəyir. İnsanları uşaqlara daim qayğı göstərməyə, onları qorumağa, müdafiə etməyə, cəmiyyətin fəal iştirakçısı, fəal üzvü etməyə çağırır. Bütün çıxışlarında bunu dilə gətirir. İstəyir ki, heç bir uşaq valideyn qayğısından məhrum olmasın, ağır xəstəliklərdən əziyyət çəkməsin, hər bir uşaq doğmalarının əhatəsində sağlam böyüsün və onun yaddaşında dərin iz qoyacaq problemlərlə üzləşməsin. Onların əsl vətənpərvər, Vətənini və onun ənənələrini sevən və hörmət edən layiqli vətəndaş kimi böyüməsini istəyir: “Mənim arzum odur ki, Azərbaycanda hər bir uşaq xoşbəxt olsun. Ona görə də biz sizləri-bizim uşaqlarımızı, balalarımızı məhəbbətlə, hörmətlə, mərhəmətlə, diqqətlə böyütməliyik. Aydındır ki, siz hələ həyatınızın başlanğıcındasınız. Hər birinizin qarşınızda böyük yol, böyük həyat var. Bu həyatda, bu yolda sevinclə, xoş anlarla, qələbələrlə yanaşı, sizi çətinliklər də, problemlər də gözləyir. Ona görə də bu gün biz böyüklər sizi elə böyütmək istəyirik ki, sizə elə tərbiyə vermək istəyirik ki, sabah əsl insan, əsl vətəndaş, əsl şəxsiyyət olasınız”. |